Həbsdəki gənc fəal Qiyas İbrahimovun öz vəkili ilə konfidensial ünsiyyət saxlamaq hüququnun pozulduğu bildirilir.
Gəncin müdafiəçiləri buna hüquqi qiymət verilməsindən ötrü məhkəməyə müraciət edib.
Bu haqda AzadlıqRadiosu-na Q.İbrahimovun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, 2017-ci ilin fevralında Bakı İstintaq Təcridxanasından məktub alıb.
Buna da bax: Qiyas İbrahimovun şikayəti rədd edilib
“Məktub Qiyas İbrahimovdan idi. O, məktubu zərfə qoyub təcridxana əməkdaşlarına təqdim etsə də, zərf açılmışdı və mənə təcridxana rəisinin müşayiət məktubu ilə birgə göndərilmişdi. Bu birmənalı olaraq, həbsdə saxlanılan şəxsin öz vəkili ilə konfidensial ünsiyyət saxlamaq hüququnun pozuntusudur”, deyən vəkil, artıq ərazi aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə şikayət etdiklərini bildirib.
Şikayət icraata qəbul edilib, məhkəmə təcridxana əməkdaşlarını dindirməkdən ötrü dəvət edib. Şikayətə 2017-ci il martın 30-da saat 16.00-da baxılacaq.
Buna da bax: Qiyas İbrahimovun işindən Ali Məhkəməyə şikayət olunub
XATIRLATMA
Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla ötən il mayın 10-da saxlanılmışdı.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb.
Buna da bax: Narkotikə görə 2 min 607 nəfər məsuliyyətə cəlb olunub
Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.
Q.İbrahimov və B.Məmmədov ötən il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.