Bakıdakı «Jewellery» zinət əşyaları mağazasının sahibi, «Qızıl Məryəm» ləqəbi ilə tanınmış Məryəm Nametzadənin qətlində günahlandırılan qızı Günel Hüseynova məhkəmədə ifadə verib. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bu hadisəyə görə həbs olunan 28 yaşlı Günel Hüseynova yeganə təqsirləndirilən deyil. Anasının qətlinə görə onunla yanaşı, xalası oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov da məhkəmə qarşısına çıxarılıb.
Qapalı keçirilən məhkəmə iclasında Günel Hüseynova ifadə verərkən anasının qətlinə görə vaxtilə sevdiyi şəxsi ittiham edib. Deyib ki, sevgilisi Asim Məmmədov anasını borca görə öldürüb. Günel Hüseynova deyir ki, Asim onun anasından xeyli qızıl alıb, amma pulunu verməyib. Buna görə də aralarında mübahisə yaranıb: «Belə mübahisələr tez-tez olurdu. O, pulu ödəməmək üçün anamı öldürdü».
Asim Məmmədov özü də məhkəmədə şahid kimi dindirilib. O, Günelin yalan danışdığını deyib. Günelin anasından qızıl aldığını təsdiqləsə də, onun pulunu ödədiyini vurğulayıb: «Bu hadisənin mənə heç bir aidiyyəti yoxdur».
Xatırladaq ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızı bu ilin yanvarında yaşadığı mənzildə qətlə yetirilib.