"Azərbaycanda nomenklatura yenidənqurmaya qarşı sıx birləşdi"
"Mixail Qorbaçov yenidənqurma elan etdi, islahatlara başlandığını elan etdi, qərarlar da qəbul olundu, amma onları həyata keçirmədi". Bunu politoloq Zərdüşt Əlizadə keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun vəfatı ilə bağlı AzadlıqRadiosuna verdiyi müsahibəsində deyib.
Z.Əlizadənin fikrincə, əksinə, M.Qorbaçovun həyata keçirdiyi qərarlar iqtisadiyyatı, cəmiyyəti inkişaf etdirmədi: "Azərbaycanda isə partiya nomenklaturası yenidənqurmaya qarşı sıx birləşdi, islahatları həyata keçirməyə imkan vermədi. SSRİ dağılandan sonra həmin mürtəce, səmərəsiz quruluşu bərpa etdi".
"SSRİ dəyişməyə məhkum idi"
Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər isə AzadlıqRadiosuna deyib ki, Qorbaçovun dönəmi dəyişiklik dönəmi idi və bu onun şəxsi istəyi ilə deyildi: "SSRİ Soyuq müharibəni artıq uduzmağa başlamışdı və dəyişməyə məhkum idi. O, dəyişikliklərə başladı və bu dəyişikliklər çox sürətlə inkişaf edib total xarakter almağa başladı".
Onun sözlərinə görə, Azərbaycan o zaman həm böyük imkanlardan yararlandı, həm də böyük təhlükələrdən zərbələr aldı: "İmkan o idi ki, bu dəyişikliklər sayəsində Azərbaycan yenidən müstəqilliyini bərpa edə bildi. Bu da təsadüfi deyil, Azərbaycan xalqı hər zaman ilk imkanlarda müstəqilliyə can atıb. Amma, eyni zamanda, Azərbaycana dəhşətli zərbələr dəydi. Heç onu unutmaq olmaz ki, Azərbaycan xalqına qarşı 20 Yanvar cinayəti də məhz Qorbaçov hakimiyyəti dönəmində Qorbaçov və onun ətrafının qərarları nəticəsində törədildi". (1990-cı ilin yanvarında SSRİ Silahli Qüvvələri Azərbaycan SSR-də qırğınlar törətdi, 130-dan çox sakin öldürüldü, 700-dən çoxu müxtəlif xəsarət aldı) Amma istər M.Qorbaçov, istərsə də onun komanda üzvləri 20 Yanvar faciəsi ilə bağlı danışarkən, bir qayda olaraq, bildiriblər ki, həmin vaxt Bakıda və Azərbaycanın başqa bölgələrində ekstremist əhval-ruhiyyəsi güclənmiş, milli zəmində toqquşmalar artmışdı.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Bu, Qorbaçov dönəminin Azərbaycana vurduğu…"
İsa Qəmbər isə deyir ki, eyni zamanda, Qorbaçov hakimiyyətinin yanlış, təhlükəli siyasəti nəticəsində Ermənistan və Azərbaycandakı separatçılar ərazi iddiaları səsləndiriblər. O vurğulayır ki, onda Azərbaycana qarşı cinayətlər törədilib, onun ərazisinin bir hissəsi işğal edilib: "Yalnız son dönəmdə bu işğalın nəticələri aradan qaldırılmağa başladı. Bu proses hələ bitməyib. Bu da Qorbaçov dönəminin Azərbaycana vurduğu ən ağır zərbə idi".
"Tarixdə Qorbaçovdan başqa elə bir dövlət başçısı olmayıb ki…"
Azərbaycan Kommunist Partiyasının sədri, sabiq deputat Rauf Qurbanov isə "Turan"a müsahibəsində deyib ki, M.Qorbaçov tarixdə ən ziddiyyətli şəxslərdən biri hesab olunur: "Qorbaçovun apardığı yenidənqurma siyasəti bilavasitə böyük bir dövlətin dağıdılmasına gətirib çıxartdı. Tarixdə Qorbaçovdan başqa elə bir partiya rəhbəri, elə bir dövlət başçısı olmayıb ki, özü hakimiyyətdə olduğu illərdə öz partiyasına, rəhbərlik etdiyi dövlətə qarşı olsun".
Partiya sədri hesab edir ki, zaman keçəcək və Qorbaçov özünə layiq olan adı qazanacaq: "Məsələn, millətlər arasında ədavət Qorbaçovun o yenidənqurma siyasəti nəticəsində daha da qızışdı, insanlar öz dədə-baba yurdundan didərgin düşüb, qaçqın statusu qazandılar. Yəni, Qorbaçovun xoş xatırlanası bir şeyi yoxdur".
"O, dünya sol hərəkatına böyük bir zərbə vurdu"
Onun əlavə etməsinə görə, M.Qorbaçov təkcə SSRİ-nin dağılmasında günahkar hesab olunmur, ümumiyyətlə, o, dünya sol, kommunist hərəkatına böyük bir zərbə vurub.
Partiya sədrinin fikrincə, Qorbaçovun əməlləri hələ də xalqları narahat edir: "Ukraynada baş verən hadisələri, Azərbaycan-Ermənistan münasibətlərini nəzərə alsaq, görərik ki, hələ də Qorbaçovun işi yaşayır".