2017-ci il yanvarın 1-dən xarici donorların Azərbaycanda qrantlar verməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq ediləcək.
Prezident İlham Əliyev oktyabrın 21-də bununla bağlı fərman imzalayıb.
Buna da bax: Donorlar aqrar sektora dəstək olacaq
Sənəddə qeyd edilir ki, yeni prosedurun tətbiqinin məqsədi Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləməkdir. Habelə, xarici donorların Azərbaycanda qrantlar verməsi prosedurunu asanlaşdırmaq, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək hədəf kimi seçilib.
Qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanları iqtisadiyyat və ədliyyə nazirlikləri, habelə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olacaq.
Buna da bax: Xaricdən qrant almağı daha da çətinləşdirdilər
Kommersiya qurumlarına iqtisadiyyat, qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə isə qrantların verilməsini Ədliyyə Nazirliyi tənzimləyəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də dini qurumlara verilən qrantlarla bağlı məsələləri həll edəcək.
Fərmanla həmçinin, Nazirlər Kabinetinə tapşırıqlar verilib.
Nazirlər Kabineti qrantın maliyyə-iqtisadi baxımdan məqsədə uyğunluğuna dair rəyin əldə edilməsi prosedurunu sadələşdirən tədbirlər görməlidir.