Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun şikayətinə baxılıb. Şikayət Nərimanov Rayon Məhkəməsinin qərarından verilmişdi.
Bu barədə AzadlıqRadiosuna vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsi avqustun 11-də Q.İbadoğlunun qeydiyyatda olan evində axtarışla bağlı şikayətini təmin etməyib: "Həmin qərardan apellyasiya şikayəti vermişdik. Axtarış qanunsuz idi, çünki məhkəmə qərarı olmadan aparılıb. Həmin vaxtda da Qubad müəllimin statusu şahid statusu idi. Amma bu gün, avqustun 21-də Bakı Apellyasiya Məhkəməsi də bizim şikayətimizi təmin etmədi".
Vəkil qeyd edib ki, Q.İbadoğlunun səhhətində problemlər qalır: "Bununla bağlı Penitensiar Xidmətinin həkimləri də bildirib. Qubad bəy həbsdə cəmi bir dəfə müayinədən keçib. Amma mən artıq uzun müddətdir ki, həmin həkim rəyini ala bilmirəm".
O əlavə edib ki, Q.İbadoğlunun vəziyyəti kritikləşə bilər: "Bunu biz yox, elə içəridə olan həkimlər bildirmişdi".
Bu deyilənlər ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Buna da bax: 'The Washington Post' Qubad İbadoğluya qarşı ittihamları 'absurd' adlandırırQ.İbadoğlunun yaxınları bundan öncə bir neçə dəfə onun səhhəti ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Onun şəkərdən, təzyiqdən və başqa xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.
Xatırlatma
ADR sədri Q.İbadoğlu bu il iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
ADR sədri ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı "saxta" adlandırıb.