Qızı deyir ki, Qubad İbadoğluna yeni ittiham verilib

Qubad İbadoğlu

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğluna qarşı yeni ittiham irəli sürüldüyü bildirilir.

Bu barədə siyasətçinin qızı Jalə Bayramova məlumat verib.

Onun sözlərinə görə, İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb:

"Güya ofisdən axtarış zamanı Fethullah Gülenə aid kitablar çıxdı. Amma bu cəfəngiyatdır. Çünki axtarış olanda sənədləri torbaya yığıblar və adbaad qeyd etmədilər".

Onun sözlərinə görə, ofisdən aparılan sənədlərin, əşyaların adları protokolda əksini tapmayıb:

"Belə olan halda özləri nəyisə qoyub atamın adına rahat yaza bilirlər. Bütün bunlar artan beynəlxalq dəstəyin fonunda baş verir. Amma bütün bu ittihamlar gülməli səslənir".

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu bundan əvvəl yalnız Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub.

O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen Türkiyədə bu ölkədə 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham edilir. Amma o da bu ittihamı qəbul etmir.