Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədrinin həbs müddəti daha 3 ay uzadılıb.
Noyabrın 16-da Nərimanov rayon Məhkəməsində istintaq orqanının bununla bağlı təqdimatına baxılıb.
Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, məhkəmə vəsatəti təmin edib.
Vəkilin sözlərinə görə, müstəntiq və prokuror həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin davam etdirilməsi zərurəti ilə əsaslandırıb.
Z.Sadıqova qeyd edib ki, Q.İbadoğluya qarşı yeni ittihamlar da irəli sürülə bilər: "Qubad bəy bildirir ki, həbsdə saxlanması və ona qarşı ittihamları əsassızdır".
Bu açıqlamaya Baş Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Buna da bax: FT Qubad İbadoğlunun həbsindən yazır: Qərb enerji sazişlərinə görə susurADR sədri Q.İbadoğlu bu il iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilmişdi.
O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə əlavə ittiham da irəli sürülüb.
Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ona qarşı bütün ittihamları qəbul etmir, məhkəmədə onları "saxta" adlandırıb.
Fətullah Gülən də ona ittihamları yalanlayıb.