Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun görmə qabiliyyətini sürətlə itirməkdə olduğu bildirilir.
Siyasətçinin qardaşı Qalib Toğrul deyib ki, o, artıq televizorda böyük şriftlərlə yazılan titrləri belə dörd-beş metrdən eynəksiz oxuya bilmir.
Q.İbadoğlunun ailəsi hesab edir ki, bu, diabetik retinopatiyanın əlamətləridir: "Qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hər dəfə insulinin dozasını atırmaqla işini bitmiş sayır".
Q.Toğrul vurğulayıb ki, bu məsələdə gecikmə siyasətçinin görmə qabiliyyətini tamamilə itirməsinə səbəb ola bilər.
O, həmçinin Q.İbadoğlunun ağrılarla bağlı şikayətləndiyi böyrəyində, qaraciyərində, ürək-damar sistemində gedən proseslərdən xəbərsiz qaldıqlarını deyir: "Çünki sistemli, dərinləşdirilmiş müayinə və analizlər aparılmır".
Q.İbadoğlunun yaxınlarının bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Q.İbadoğlu ötən il iyulun 23-də həbs olunub. O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Siyasətçi irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Q.İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.