Hakimiyyətin daxilində bəzi dəyişiklər var, bəs Milli Məclisin tərkibi də növbəti, 2020-ci il seçkisində dəyişə bilərmi?
Məsələn, oktyabrın 23-də prezident İlham Əliyev 24 ildir ki, Prezident Administrasiyasına rəhbərlik edən və hakimiyyətdə çox nüfuzlu fiqur hesab olunan Ramiz Mehdiyevi bu vəzifədən uzaqlaşdırıb. Əslində, son bir-iki ildir ki, İlham Əliyev komandasında dəyişiklik aparır.
Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, İlham Əliyevin məqsədi atasından qalma komandanı dəyişməkdir. Onun fikrincə, hökumət daxilindəki dəyişikliklərin davamı olaraq Milli Məclisdə də dəyişiklik ola bilər.
Amma Rauf Mirqədirov deyir ki, Ramiz Mehdiyev Milli Məclisdə söz sahibi olan yeganə şəxs deyildi:
“Həm Heydər Əliyev dövründə, həm də İlham Əliyev hakimiyyətinin ilk dövründə o, parlament seçkilərinin əsas və yeganə koordinatoru idi. Sonrakı dövrlərdə parlamentin siması dəyişdi. Parlamentə artıq Ramiz Mehdiyevlə razılaşdırılmış və onun tərəfindən seçilmiş adamlar düşmürdü. Artıq Ramiz Mehdiyevin dairəsi daralmışdı”.
Rauf Mirqədirov deyir ki, indidən proqnoz vermək çətindir, amma siyasi mənzərə eyni qalsa, yeni deputatlar daha gənc, daha təhsilli, əyalətçilik düşüncəsindən uzaq şəxslər ola bilər.
Bəs bu dəyişiklik Milli Məclisin mahiyyətini də dəyişəcəkmi? Rauf Mirqədirov buna şübhə edir, deyir ki, sistem eyni qaldığı müddətcə, bütün bu dəyişikliklər baş versə belə lokal xarakterli olacaq.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ailə hakimiyyətinə doğru
Milli Strateji Araşdırma Mərkəzinin rəhbəri, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər deyir ki, növbəti Milli Məclisin simasının necə olacağını indidən demək tezdir. Onun sözlərinə görə, bir çox məsələlər qarşıdakı bir il ərzindəki proseslərdən asılı olacaq.
“Hakimiyyətin təmərküzləşməsi prosesi gedir, onun ailə hakimiyyətinə çevrilməsi istiqamətində addımlar davam edir. Növbəti mərhələdə bu proyektə mane ola biləcək şəxslər oyundan kənar vəziyyətə gətirilir. O cümlədən də, Ramiz Mehdiyev olsun, digərləri olsun... Onlar kənarlaşdırılır, zəiflədilir. Bunun islahatla, ölkədə müsbət istiqamətdə arzuladığımız dəyişikliklə heç bir əlaqəsi yoxdur”.
İsa Qəmbər deyir ki, Ramiz Mehdiyevin və ya başqa oliqarxların kvotası ilə Milli Məclisə düşmüş şəxslər zəiflədikləri üçün onların parlamentdəki təmsilçilərinə heç ehtiyac qalmır. Onun fikrincə, yenilənmə nəticəsində artıq birbaşa ailəyə bağlı şəxslərin Milli Məclisdə təmsil olunması mümkün ola bilər.
İsa Qəmbər bildirir ki, növbəti parlamentin mənzərəsi yalnız iqtidarın qərarlarından, müxalifətin davranışından yox, həm də xalqın seçkiyə münasibətindən asılı olacaq.
Buna da bax: Prezident göstəriş versə də, deputat Hadi Rəcəbli deyir ki…
Hadi Rəcəbli: "Bizə yaşlı kadrlar da lazımdır"
Bəs deputatlar özləri Ramiz Mehdiyev tərəfindən kurasiya olunma barədə iddiaya nə deyirlər?
Hakimiyyətdəki nüfuzlu fiqurların dəyişməsi deputat kürsülərinə də təsir edəcəkmi? Yerli qəzetlərdən biri Milli Məclisdə daha yer almayacaq deputatların siyahısını dərc edib. Onlardan biri də Hadı Rəcəblidir. Gələn il də seçilsə, bu, onun 7-ci çağırış deputat təcrübəsi olacaq.
Amma Hadı Rəcəbli deyir ki, seçkiyə gedib-getməməsi üzvü olduğu hakim partiyanın qərarı olacaq:
“Parlament də qismən cavanlaşmalıdır. Amma burda varislik prinsipi var. O prinsip pozulmamalıdır. Möhtərəm prezidentimiz bu istiqaməti tutub. Bizə cavan kadrlar da lazımdır rəhbər vəzifədə, eyni zamanda 60 və daha çox yaşı olan kadrlar da lazımdır. Çünki onların təcrübələri var. Əgər o cür mənim partiyam qərar qəbul eləsə, partiyama birmənalı qulaq asacam”.
O ki qaldı “Milli Məclisdə Ramiz Mehdiyevin kurasiya etdiyi deputatlar varmı və yenilənməyə səbəb onun işdən çıxarılmasıdırmı?” sualına cavabında Hadı Rəcəbli deyir ki, bu, əsası olmayan söz-söhbətdir və bu barədə danışmaq istəmir.
Hakimiyyət rəsmiləri ötən parlament seçkilərinin azad və ədalətli keçirildiyini, Milli Məclisdə yer alanların xalqın seçdikləri olduğunu deyir.
AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:
Sizin brauzer HTML5-i dəstəkləmir
Keçən parlament seçkisini hakimiyyəti sərt tənqid edən müxalifət partiyaları boykot etmişdi.
Gələn parlament seçkisi 2020-ci ilin noyabrında keçiriləcək.