AXCP-nin bir üzvü də narkotik ittihamı ilə cəzalandırılıb

Razi Alışov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, iki ildən çoxdur həbsdə olan Razi Alışova 5 il 6 ay həbs cəzası kəsilib. İyulun 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. R.Alışov satış məqsədilə narkotik əldə etməkdə və Gəncə sakini Vüqar Cəfərovla əlbirlikdə suçlanır. Eyni hökmlə V.Cəfərova da 6 il 6 ay həbs cəzası verilib.

R.Alışov narkotik satışı ittihamını qəbul etmir.

Psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilən V.Cəfərov əvvəllər xəstəxanada müalicə alıb.

R.Alışovun yaxınları AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

R.Alışovdan bir neçə ay öncə AXCP-nin Gəncə şöbəsinin başqa bir fəalı, şahmat məşqçisi Şahin Hacıyev də narkotik ittihamı ilə həbs olunmuş, ona 6 il həbs cəzası kəsilmişdi.

Ş.Hacıyev təqsirsiz olduğunu, Facebook hesabındakı paylaşımlarına görə şərləndiyini bildirib.

Xatırlatma

Hazırda AXCP-nin 10 nəfərə yaxın üzvü həbsdədir.

Son illərdə onlarla ictimai-siyasi fəal narkotik ittihamı ilə həbs edilib. Onlar ittihamı qəbul etmir, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə, sosial mediadakı paylaşımlara görə şərlənərək cəzalandırıldıqlarını deyirlər. Üstəlik, narkotiki ciblərinə polislərin atdığını, işgəncə altında etiraf ifadəsi verməyə məcbur qaldıqlarını vurğulayırlar.

Daxili İşlər Nazirliyi fəalların narkotiklə şərlənməsi, işgəncəyə məruz qalmaları haqda dediklərini təkzib edir. Nazirliyin mətbuat xidməti iddia edir ki, onlar konkret faktlar əsasında saxlanılıblar.