“Sərhədsiz Reportyorlar” təşkilatı “Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin səhhətindəki problemlərdən narahatdır.
“Sərhədsiz Reportyorlar”ın noyabrın 11-də yaydığı bəyanatda belə deyilir.
Təşkilat F.Əmirlinin dərhal azad edilməsinə, “Azadlıq” qəzetinə basqılara son qoyulmasına çağırıb.
“Faiq Əmirlinin müalicəyə ehtiyacı var. Bu situasiya Azərbaycanda insan hüquqlarının hansı vəziyyətdə olduğunu göstərir. Biz Əmirlinin vəziyyətindən çox narahatıq və onun dərhal azad edilməsini istəyirik”, – deyə bəyanatda qeyd olunur.
Buna da bax: RSF Faiq Əmirlinin həbsini pisləyir
Bəyanatında vurğulanır ki, Faiq Əmirlinin həbsindən sonra hakimiyyət “Azadlıq” qəzetinə əlavə problemlər yaradıb və qəzet nəşrini dayandırmaq məcburiyyətində qalıb. Bu arada isə istintaq “Azadlıq” qəzetində elan verən şəxsləri dindirir və qəzetə qarşı yeni cinayət işi açmağa çalışır.
“Azadlıq» qəzeti 1989-cu il dekabrın 24-dən çap olunurdu.
Avqustun 20-də “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli həbs edilib. Bunun ardınca, redaksiyanın bank əməliyyatı aparmasında problemlər meydana çıxıb.
“Azərbaycan” nəşriyyatı isə sentyabrın 5-də redaksiyanın borcunu əsas gətirərək “Azadlıq”ın çapından imtina edib.
Buna da bax: 'Sərhədsiz Reportyorlar'dan tənqid
Qəzet rəhbərliyi borcun bir hissəsini ödəyib, fəaliyyətə başlayacaqlarını bildirsə də, sonra da əlavə problemlərlə üzləşdiyini açıqladı.
F. Əmirli avqustun 20-da saxlanıb. F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.
AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır.