Saxlananlar buraxılıb
Aksiya zamanı saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Hüseyn Məlik və Nizami Haqverdiyev sərbəst buraxılıb.
Partiyadan verilən məlumata görə, onlar saxlanıb polis maşınına mindiriləndən sonra fiziki təzyiqə məruz qalıblar.
Amma bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
+++
Oktyabrın 7-də müxalifətdə olan Azərbaycan Demokratiya və Rifah Partiyası Rusiya hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması tələbi ilə Bakıda piket keçirib. Onlar Rusiya ordusunun Qarabağdan çıxarılmasını tələb edən sözlər yazılmış plakatları, Azərbaycan və Ukrayna bayraqlarını qaldıraraq "Rədd olsun işğalçı Rusiya ordusu" şüarı səsləndiriblər. (Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib)
Aksiya iştirakçıları bildirib ki, bu gün Ukraynada kütləvi qətllər törədən hərbçilər Azərbaycanda sülhməramlı ola bilməz. Onların demələrinə görə, Rusiya Azərbaycanda da çoxsaylı faciələr törədib: "Bu ordunu bura dəvət edənlər də cavab verməlidir ki, nəyə görə onlar Azərbaycana Rusiya ordusunu dəvət etdilər? Bu, Azərbaycan xalqına ən böyük xəyanət idi. Rus ordusu burada olunca, burada işğal olacaq".
Zorge parkında toplaşan və Rusiya səfirliyinin önünə doğru hərəkət edən aksiya iştirakçılarının qarşısını polis əməkdaşları alıb. Ona görə də aksiya iştirakçıları piket qətnaməsini parkda oxuyublar.
Aksiya iştirakçıları Azərbaycan hökuməti ilə bağlı "istefa" və başqa siyasi şüarları səsləndirməyə başlayandan sonra onlardan iki nəfər - Nizami Haqverdiyev və Hüseyn Məliki polis saxlayıb. Digər iştirakçılar isə parkdan çıxarılıb.
Aksiya ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi və Rusiya səfirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, Ukraynada dinc mülki insanların kütləvi şəkildə qətli ilə bağlı deyilənləri qəbul etmirlər. Onların iddialarına görə, Ukraynada bu ölkənin neytrallığına nail olmaq üçün xüsusi əməliyyat keçirilir.
Amma müharibə başlayandan orada on minlərcə insanın həlak olduğu, milyonlarla insanın isə didərgin düşməsi ilə bağlı çoxsaylı rəsmi, qeyri-rəsmi məlumatlar yayılır.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Onların fəaliyyət müddətinin 5 il olduğu açıqlanıb. Amma bu müddətin artırılacağı da istisna edilmir.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.