Avqustun 28-də səhər Ukrayna dronları Rusiyanın Rostov vilayətində neft deposunu vurub. Məlumatı vilayətin qubernatoru Vasili Qolubev Telegram-da təsdiqləyib.
"Kamenski rayonuna dron hücumu nəticəsində yanacaq anbarında yanğın başlayıb. İtki yoxdur. Fövqəladə xidmətlər yanğının söndürülməsi ilə məşğuldurlar. Yanğının yaşayış binalarına keçmə təhlükəsi yoxdur", – Qolubev Telegram-da yazıb.
Telegram-da yayılan videolarda qaranlıqda yanan böyük yanacaq çənləri görünür.
+++
Rusiya kəşfiyyatına yaxın "Baza" Telegram kanalının bildirdiyinə görə, iki dronun qalıqları Kamenski rayonunda üç çəndə yanğına səbəb olub.
"Astra" Telegram kanalının yerli sakinlərə istinadla yazdığına görə, Rostov vilayətinin Kamenski rayonunda "Atlas" kombinatı yanır. Bu kombinatda Rusiya ordusu üçün neft məhsulları hazırlandığı bildirilir.
Ukrayna Silahlı Qüvvələri Rusiyada neft bazalarına hücumları intensivləşdirib. Avqustun 18-də Ukrayna hərbçiləri Proletarskda neft bazasını vurublar. Dron zərbəsindən başlanan yanğın hələ də söndürülməyib. Şəhərdə fövqəladə rejim elan edilib. Avqustun 23-də yanan neft bzasına yenidən dron hücumu gerçəkləşdirilib.
+++
Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı işğala başlayandan mülki və enerji infrastrukturu da Rusiyanın amansız zərbələrinə tuş gəlib. Kiyev də öz növbəsində Rusiya daxilində, əsasən, ordu üçün işləyən neft və yanacaq obyektlərini hədəfə alır.
Ukrayna ordusu şərqi Donetsk vilayətində, Kramatorskda Rusiyanın Su-25 təyyarəsini vurduğunu bildirib.
Ukraynanın cənubunda - Zaporojye vilayətinə Rusiyanın dron zərbəsində isə ikisi qadın, biri kişi olmaqla üç nəfərin həlak olduğu bildirilir.