Bu gün – iyunun 26-da Rusiya rublu dollara qarşı son 15 ayda ən aşağı həddə düşüb. Bu, həftəsonu silahlı muzdlu döyüşçülərin qiyamına reaksiya hesab olunur.
"Reuters" xəbər verir ki, rubl dollara qarşı 2.1 faiz zəifləyib, 1 dollar 87.23-ə qalxıb, sonradan 86.50 rubla korrektə edib.
Rubl avroya qarşı 2.2 faiz dəyər itirib, məzənnə 94.37-yə qalxıb, yuana qarşı isə 2.1 faiz ucuzlaşaraq 11.95 olub.
Şənbə günü Yevgeni Priqojinin başçılıq etdiyi "Vaqner" muzdluları Rusiyanın cənubundakı Rostov şəhərindən çəkiliblər. Onların Moskva üzərinə yürüşü dayandırılıb. Ancaq baş verənlər Prezident Vladimir Putinin hakimiyyəti ilə bağlı cavabsız suallar yaradıb.
Həftəsonu Rusiya bankları dolları rəsmi məzənnədən yuxarı, 90 rubla təklif ediblər.