İranın keçmiş prezidenti Ruhani seçkiyə buraxılmır

Həsən Ruhani

İranın praqmatik keçmiş prezidenti Həsən Ruhani Üləmalar Məclisinə seçkiyə buraxılmayıb. Bu dini qurum ölkənin ali dini liderini təyin etmək və nəzəri baxımdan vəzifədən kənarlaşdırmaq səlahiyyətinə malikdir.

Ruhanini seçkiyə buraxmamaq qərarını Konstitusiyanı Mühafizə Şurası verib. Bu şuranın üzvlərini isə Ali dini lider Əli Xameneyi birbaşa, yaxud dolayısı ilə təyin edir.

Ruhaninin ofisi qərarla bağlı yanvarın 24-də qısa bəyanat yayıb, şərh verməyib.

Üləmalar Məclisindəki 88 ruhani səkkiz ildən bir ictimaiyyət tərəfindən seçilir.

2013-2021-ci illərdə prezident olmuş Ruhani 2000-ci ildən Məclisin üzvüdür.

Keçmiş prezident çoxdan sərt xətt tərəfdarlarının tənqid hədəfindədir, onu İranın Qərblə münasibətlərini yaxşılaşdırmaq cəhdləri ilə ölkənin milli maraqlarını gözardı etməkdə günahlandırırlar.

Xameneyi 1989-cu ildən İranın ali dini lideri olandan vəzifədən gedən prezidentlər Məclisə də buraxılmır.

Deputatın hədəsi, Ruhaninin xəbərdarlığı

Ruhani ilə bağlı xəbərdən bir gün öncə mühafizəkar deputat Nəsrullah Pejmanfar sərt xətt tərəfdarlarının keçmiş prezidentin ABŞ-a münasibəti ilə bağlı tənqidini bir daha dilə gətirib. O, hətta keçmiş prezidentin "qara" sənədlərini ifşa etməklə hədələyib, amma detallı danışmayıb.

Üləmalar Məclisinə seçki martın 1-də parlament seçkiləri ilə paralel keçiriləcək.

2020-ci ildən bəri ölkədə üçüncü dəfədir ümummilli seçki keçirilir. Ruhani seçici fəallığını artırmaq üçün hakimiyyəti müxtəlif siyasi tarixçəli namizədləri seçkiyə buraxmağa çağırıb. Keçmiş prezident aylardır seçici apatiyası ilə bağlı xəbərdarlıq səsləndirir, bunu ictimai məyusluq, sərt xətt tərəfdarlarının məqsədli strategiyası ilə izah edir.

2020-ci ilin parlament və 2021-ci ilin prezident seçkilərində 1979-cu ilin islam inqilabından bəri rekord az seçici iştiraklılığı qeydə alınıb. Rəsmi rəqəmlərə görə, hər iki seçkiyə səsvermə hüququ olanların yarıdan da azı gedib.

Etirazlar

Son illər İranda pisləşən yaşam standartları, maaşların yubanması etirazlara səbəb olub.

2022-ci ildə hicab qaydasını pozduğuna görə saxlandığı deyilən Məhsa Əmininin polisdə ölümü isə aylarla çəkən etirazlara səbəb olub.

Etirazların amansızlıqla yatırdılması azı 500 nəfərin ölümü, 19 min nəfərin, o cümlədən 90-dan çox jurnalist və bloqerin həbsi ilə nəticələnib.

Həbs edilərək ağır cinayətlərdə təqsirli bilinən doqquz nəfər edam edilib.