Rumıniya 'irqçilik qalmaqalı' fonunda Keniyadakı səfirini geri çağırıb. CNN-in məlumatına görə, səfir Draqos Viorel Tiqau Keniyanın paytaxtı Nayrobidəki BMT binasında keçirilən görüş zamanı meymunları afrikalı diplomatlarla müqayisə edib.
BBC-nin məlumatına görə, Tiqau pəncərənin yanında meymunları görüb və, iddiaya görə, "afrikalı qrup bizə qoşulub" deyib.
Keniya Xarici İşlər Nazirliyi (XİN) buna etiraz edib.
Rumıniya XİN diplomatın irqçiliyinə görə üzr istəyib və səfiri geri çağırmaq qərarına gəlib. "Biz bu vəziyyətdən dərin təəssüflənirik və üzr istəyirik. İrqçi xarakter daşıyan hər hansı davranış və ya şərhlər tamamilə qəbuledilməzdir", - nazirliyin bəyanatında deyilir.
Bundan əvvəl, 2014-cü ildə Rumıniya səfiri Sorin Vasile "yəhudi bossları" və eynicinsli münasibətlərlə bağlı zarafatlara görə Ermənistandan geri çağırılmışdı.