Moskvada Puşkin adına Dövlət Rus Dili İnstitutunun beş əməkdaşı saxlanıb. İstintaq Komitəsi onları xaricilərə yaşayış icazəsi almaq üçün rus dilini bildikləri barədə saxta sənədlər verməkdə şübhəli sayır.
"CurrentTimeTV" xəbər verir ki, şübhəlilərin evlərində, iş yerlərində axtarışlar aparılıb, bundan sonra onlar qeyri-qanuni miqrasiyanın təşkilində və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunublar.
Martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən terror aktından sonra bu cür ittihamların və cinayət işlərinin kəskin artdığı bildirilir. Həmin terror nəticəsində 150-ə yaxın şəxsin həlak olduğu, mindən çox insanın isə xəsarət aldığı açıqlanıb. İstintaq terroru törətməkdə miqrant işçiləri şübhəli sayır.
Martın sonunda Sankt-Peterburqda 30 nəfər, o cümlədən yerli universitetlərin müəllimləri saxlanıb. İstintaqın versiyasına görə, onlar "miqrantlara rus dilini, tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmələri barədə sertifikatların verilməsi üçün qanunsuz sxem təşkil ediblər". İddiaya görə, bu da onlara ayda 7.5 milyon rubl (81 min 150 ABŞ dolları) qazandırıb.
Kütləvi həbslər Krasnoyarsk və Çeboksarıda da aparılıb.