Rusiyanın müdafiə nazirliyi iddia edir ki, mayın 20-dən 21-ə keçən gecə Baxmut şəhəri tam ələ keçirilib.
"Artyomovsk (Rusiya tərəfinin istifadə etdiyi Baxmutun keçmiş adı-AR) taktiki istiqamətində Vaqner hücum dəstələrinin hücum hərəkətləri nəticəsində Cənub Qüvvələr Qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Artyomovsk şəhərinin azad edilməsi başa çatdırıldı." Rusiya müdafiə nazirliyinin teleqram kanalında bildirilir.
"Svoboda"-nın verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Baxmutun tutulması ilə bağlı "Vaqner"-çiləri və ordunu təbrik edib. Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda Putin şəhərin alınmasında fərqlənənlərə dövlət mükafatı vəd edir.
"Vaqner" muzdlu döyüşçülərin komandiri Yevgeni Priqojin Baxmutun mayın 20-si günorta saatlarında ələ keçirildiyini bildirir.
"Reuters" yazır ki, G7 sammiti ilə bağlı Yaponiyada olan Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə görüşdən əvvəl jurnalistlərin Baxmutun Ukraynanın əlində qalıb-qalmadığı sualına Zelenski: “Hesab edirəm ki, yox. “Bu gün üçün Baxmut ancaq bizim qəlbimizdədir.”- cavabını verib.
"Financial Times"-ın Kiyevdəki müxbiri Kristofer Miller isə Tvitter hesabında yazıb ki, Zelenskinin ətrafı Ukrayna liderinin sözlərinin bu cür şərhini yanlış adlandırır. Onun paylaşımından belə aydın olur ki, Zelenski bu ifadəni Baxmutun tamamilə məhv olması mənasında deyib.
Ukrayna ordusunun sözçüsü Serhiy Çerevatiy isə "Reuters" agentliyinə : "Bu, doğru deyil. Bizim bölmələrimiz Baxmutda döyüşür"-deyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mayın 21-i səhər saatlarında yaydığı məlumatda da Baxmut şəhəri uğrunda döyüşlərin davam etdiyi bildirilir.
“Baxmut istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir, Baxmut şəhəri uğrunda döyüşlər dayanmır”.
Baxmut uğrunda döyüşlər 15 aydır davam edir.
Buna da bax: Bayden Ukraynaya F-16 qırıcıları verilməsinə yaşıl işıq yandırdıMəlumatda həmçinin ötən gün Rusiya qoşunlarının 730-a yaxın itki verdiyi bildirilir.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın Baxmutla bağlı son şərhi isə şənbə günü olub.
O, Ukrayna ordusunun şəhərdəki "kritik" vəziyyəti və Ukrayna hərbçilərinin oradakı "müəyyən sənaye və infrastruktur obyektlərinə nəzarət etdiyi" barədə məlumat verib.
Günün sonunda Yaponiyada G7-yə daxil olan ölkə liderlərinin toplantısında iştirak edən Ukrayna prezidenti Zelenski mətbuat konfransında Baxmutun işğal olunması xəbərini təkzib edib.
"Biz dayanmışıq və döyüşməyə davam edirik. Mən dəqiq Baxmutda nə baş verdiyini başa düşürəm, amma bizim hərbçilərin taktikası və olma yerləri haqqında ətraflı bir şey deməyəcəm. Bu gün Baxmut Rusiya Federasiyası tərəfindən işğal olunmayıb. Bu sözlərin iki və ya üç təsrifi yoxdur" -Zelenski vurğulayıb.
Baxmut Donetsk vilayətində vilayət mərkəzidir. Qərb ölkələrinin məlumatına görə, şəhər uğrunda gedən döyüşlərdə hər iki tərəf böyük itki verib. Şəhərə ciddi ziyan dəyib.
Ukraynalı və qərb analitiklərin, elə Priqojinin özünün dəfələrlə qeyd etdiyi kimi, şəhərin tutulmasının heç bir strateji əhəmiyyəti yoxdur - onun qərbində Ukrayna ordusunun yeni müdafiə xətləri yerləşir.