Rusiyanın Belqorod poliqonunda atışmada azı 11 nəfər ölüb

MOSCOW, RUSSIA

Oktyabrın 15-i Rusiyanın Belqorod hərbi poliqonunda atışmada azı 11 nəfərin öldüyü, 15 nəfərsə yaralandığı bildirilir.

Rusiyanın Müdafiə nazirliyi poliqonda terror aktı törədildiyini bildirir. Nazirliyin məlumatına görə, atışma Ukraynada müharibəyə getmək qərarına gələn könüllülərin atəş təlimi zamanı baş verib.

Buna da bax: Rusiyanın 'regional qoşun qrupu'nun ilk eşelonları Belarusa çatıb

Nazirlik hücum edənniki nəfərin öldürüldüyünü bildirir. SOTA teleqram kanalı iddia edir ki, atışma Soloti qəsəbəsindəki poliqonda baş verib. Məlumatda iddia olunur ki, həmin ərazidəki düşərgədə Bryansk vilayətindən olan və Ukraynaya müharibəyə getməkdən imtina edən 100 yeni səfərbər olunmuşlar saxlanılır.

Mash teleqram kanalının məlumatına görə isə, atışmada Bryansk vilayətindən olan könüllülər ölüb.

Buna da bax: Vaşinqton: Rusiyanın hərbi müəssisələrində mikroelektronika tükənir

Baza teleqram kanalının məlumatına görə, atışma oktyabrın 15-də səhər saat 10 radələrində Belqorod vilayətinin Valuyski rayonundakı hərbi hissənin poliqonunda baş verib. Zərərçəkənlər Valuyski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Onlardan ən azı ikisi ayaqlarından güllə yarası alıb, digər bir nəfər isə döş qəfəsindən yaralanıb.

SOTA-nın adını açıqlamayan mənbəsi atışma nəticəsində 22 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını iddia edir. Bundan əlavə, onun sözlərinə görə, hücum edən üç nəfər olub - onlardan biri qaça bilib.

Xəbərdə qeyd olunur ki, məlumat verən mənbə hadisə zamanı təlim poliqonunda olduğu iddia edib.