Moskva prezident Vladimir Putinin rusiyalılar arasında etimad reytinqinin düşdüyünə dair məqalə dərc etdiyinə görə Bloomberg xəbər agentliyinin üzr istəməsini tələb edib.
Rusiyanın Vaşinqtondakı səfirliyi Facebook səhifəsində yazdığı postda bildirir ki, Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin ötən ay apardığı sorğunun nəticələrinə istinad edən Bloomberg “Rusiyadakı neqativ dinamikanı əks etdirən saxta diaqramlar dərc edib”.
Bloomberg yazmışdı ki, Rusiyada aprelin 27-də aparılmış sorğuda respondentlərin yalnız 27 faizi Putini etimad göstərilən siyasətçi adlandırıb.
Bu da qeyd olunmalııdır ki, Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzi Rusiya dövləti tərəfindən maliyyələşdirilən bir qurumdur.
Lakin Rusiyanın ABŞ-dakı səfirliyi israr edir ki, Vladimir Putinə real etimad 67.9 faizdir. Belə bir rəqəm sözü gedən sorğunun ikinci hissəsində verilib. Bu hissədə sual “hansı siyasətçiyə etibar edirsiniz” yox, konkret olaraq “Vladimir Putinə etibar edirsinizmi” kimi qoyulmuşdu.
Beləliklə, Moskva Bloomberg agentliyini bilərəkdən yalnız bir rəqəmə istinad etməkdə günahlandırır.
Bloomberg hələlik bu barədə heç bir şərh verməyib.
Buna da bax: Putinin reytinqi düşüb
Putinin “sıçrayışla” yüksələn reytinqi
Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzi faktiki olaraq rəsmi qurum olsa da, bundan əvvəl bir çox hallarda Kremlin qıcığına səbəb olub.
Məhz bu səbəbdən mərkəz 2019-cu ildə özünün hesablama metodikasını dəyişmişdi. Bununla da Putinə olan etimad birdən-birə “sıçrayışla artmışdı”.
Rusiyada müstəqil Levada mərkəzinin may ayında keçirdiyi sorğu Putinə respondentlərin 59 faizinin etibar etdiyini göstərmişdi. Halbuki bu rəqəm aprel ayında 63 faiz idi.
“59 faiz” Putinin 1999-cu ilin sentyabrından bəri ən aşağı göstəricisidir.
Buna da bax: Moskvada yoluxma rəsmi rəqəmlərdən 'üç dəfə çox' ola bilər
Müəmmalı nəticə
Amma Levadanın eyni gündə keçirdiyi sorğu Putinə daha iki müddət prezidentlik verəcək konstitusiya dəyişikliklərinə tərəfdar olanların sayının kəskin artdığını göstərmişdi.
Bu sorğuya görə rusiyalıların 47 faizi konstitusiya dəyişikliklərini dəstəkləyirdi, halbuki mart ayında bu rəqəm 40 faiz olmuşdu.
O vaxt respondentlərin 58 faizi konstitusiya dəyişikliklərinin leyhinə səs verəcəklərini bildirmişdi.
Lakin sorğunu keçirənlər deyirlər ki, sual-cavab koronavirus karantininə görə üzbəüz yox, telefonla aparılıb.
Son həftələrdə Moskva bir neçə Qərb media qurumunun Rusiyada pandemiya vəziyyəti ilə bağlı reportajlarını tənqid edib.
Mayın 14-də Rusiya XİN Financial Times və The New York Times qəzetlərinin bu ölkədə koronavirusdan ölüm sayının azaldıldığına dair yazılarını pisləmişdi.
Rusiya XİN-in nümayəndəsi Maria Zakharova hər iki qəzeti “dezinformasiyada” ittiham etmiş və bildirmişdi ki, onlara bu yazıları internet səhifələrindən silməyi tələb edən məktublar göndərilib.