Rusiya “bütün Donbası azad etmək” niyyətindədir və qoşunlarını Ukraynanın cənubundan çıxarmaq fikirində deyil.
Bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin "Reuters" agentliyinə müsahibəsində deyib.
"Biz bütün Donbası azad etməyi planlayırıq" deyən Kelin münaqişənin necə bitəcəyi ilə bağlı suala da cavab verib. Səfir əlavə edib ki, “qoşunların Ukraynanın cənubundan çıxarılmasını proqnozlaşdırmaq onun üçün çətindir, çünki biz artıq öz təcrübəmizdən öyrənmişik, qoşunların çıxarılmasından sonra təxribatlar başlayır, hamı güllələnir və s.”
Kelinin fikrincə, Kiyev gec-tez Rusiya ilə sülh müqaviləsi bağlamaq və ya tam dağılmaya doğru “sürüşməyə davam etmək” barədə qərar verməlidir.
İyulun 8-də CNN telekanalına müsahibəsində prezident Vladimir Zelenski Ukraynanın Rusiya ilə sülh naminə öz ərazilərindən imtina etməyəcəyini bildirib.
O, Qərb ölkələrini Ukraynaya hərbi dəstəyi davam etdirməyə çağırıb.
“Daha sürətli yardım ukraynalıların həyatını xilas edəcək və bizə Rusiya tərəfindən işğal olunmuş əraziləri qaytarmağa kömək edəcək”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, “Ukrayna NATO-ya qəbul edilsəydi, hər şey daha asan ola bilərdi”.
Səfir Kelin isə deyir ki, “silah axını strateji mövqeyimizi, müdafiəmizi təhdid edərsə, biz ciddi tədbirlər görməli olacağıq”.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynanı işğal edib. Müharibə başlayandan bəri rus qoşunları Ukraynanın cənubunun bir hissəsini, demək olar ki, bütün Luqansk vilayətini ələ keçirib və Donetsk vilayətini ələ keçrməyə çalışır.
Hazırda Ukrayna ərazisinin təxminən 20%-i Rusiya tərəfindən işğal olunub. ABŞ, Avropa ölkələri, eləcə də Yaponiya və Avstraliya artıq Ukraynaya həm texnika, həm də maliyyə baxımından milyardlarla dollarlıq hərbi yardım edib.