Prezident İlham Əliyev yanvarın 23-də Rusiya hökuməti sədrinin müavini, hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.
Rəsmi məlumatda deyilir ki, görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər müzakirə olunub. Bu dəhliz Rusiya, Azərbaycan və İranı birləşdirir. 2023-cü ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
Yanvarın 22-də A.Overçuk azərbaycanlı həmkarı Şahin Mustafayev ilə Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıblar. Əvvəlki yol xəritələri 2018-2023-cü illəri əhatələyirdi.
Ötən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə iki dəfədən çox artaraq 4.3 milyard ABŞ dollarını ötüb. Ümumi yükdaşımaların həcmi 87 faiz, tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb.
Azərbaycan 2022-ci ildə Rusiya ilə müttəfiqlik bəyannaməsi də imzalayıb.
A.Overçuk həm də Azərbaycan, Ermənistan və Rusiya arasında birgə üçtərəfli qrupda təmsil olunur.
Prezident İlham Əliyev yanvarın əvvəlində yerli televiziyalara müsahibəsində antiqərb bəyanatları səsləndirib ki, bu da müşahidəçilərdə hakimiyyətin balanslı xarici siyasətdən imtina etməsi, Rusiyaya daha çox yaxınlaşması sarıdan qorxuları artırıb. Üstəlik, son vaxtlar bəzi Qərb diplomatlarının Yerevandan sonra Bakıya gəlməməsi birmənalı yozulmur. Ötən ilin sonunda Bakı Qərbin vasitəçiliyi ilə bir neçə görüşdən imtina edib.