Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynaya hərbi yardım edən Qərb ölkələrini hədələyib.
Bazar günü teleqram kanalındakı paylaşımında o yazıb ki, Kiyevə hücum silahlarının çatdırılması qlobal fəlakətə gətirib çıxaracaq.
"Əgər Vaşinqton və NATO ölkələri təhdid etdikləri kimi mülki şəhərlərə zərbələr endirmək və ərazilərimizi ələ keçirməyə cəhd etmək üçün istifadə olunacaq silahları tədarük etsələr, bu, daha güclü silahlardan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq"-Rusiya Dövlət Dumasının sədri yazıb.
Buna da bax: ISW: Moskvada HHM sistemlərinin qurulması əhalini uzunmüddətli müharibəyə hazırlamağa hesablana bilərVaşinqton və Brüsseli öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürüklədiyini vurğulayan Volodin bildirir ki, bu ölkələr bəşəriyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər.
Buna oxşar fikirləri əvvəllər Rusiyanın digər rəsmiləri də səsləndiriblər. Həmin çıxışlarda qeyd olunub ki, Ukrayna ordusunun mümkün hücumları Rusiyanın ərazi bütövlüyünü və mövcudluğunu təhlükə altına sala bilər.
Ərazi bütövlüyünə təhlükədən danışan Rusiya rəsmiləri Kremlin mövqeyinə uyğun olaraq, Ukraynanın dörd vilayətinin və Krımın ilhaq edilmiş ərazilərini Rusiya ərazisi hesab edirlər.
Rusiyanın nüvə doktrinasında belə bir təhlükə nüvə silahından istifadənin səbəblərindən biridir.
Rusiya liderləri əvvəllər mümkün təhlükələrdən danışsalar da ilk dəfədir ki, kütləvi qırğın silahlarının mümkün istifadəsini bu qədər açıq şəkildə Ukraynaya silah tədarükü ilə əlaqələndirirlər.
ABŞ və müttəfiqləri Ukraynaya qarşı nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı Rusiyaya dəfələrlə xəbərdarlıq ediblər.
Buna da bax: Rusiya neft məhsullarına iki qiymət həddi tətbiq ediləcəkTəhlilçilərin fikirincə, Rusiya nümayəndələrinin son bəyanatlarından belə nəticə çıxır ki, Moskva bundan təkcə Ukraynaya qarşı deyil, həm də Qərb ölkələrinin özlərinə qarşı istifadə imkanlarını nəzərdən keçirir.
Hələlik son bəyanatlara Qərbdən heç bir reaksiya verilməyib.
Rusiya ötən ilin fevralıda Ukraynaya hücum edib və bu təcavüz hələ də davam edir.