Rusiyada məhkəmə dövlətə xəyanətdə ittiham olunan fizikin şikayətini rədd edib

Anatoli Maslov

Sankt-Peterburqda ikinci apellyasiya məhkəməsi dövlətə xəyanətdə ittiham olunan 78 yaşlı fizik-alim Anatoli Maslovun şikayətini təmin etməyib. İclas qapalı keçirilib. Bu haqda "SotaVision" müxbiri xəbər verir.

Maslov mayda cəzasını sərt rejimdə çəkməklə 14 il həbsə məhkum edilib. Məhkəmənin qərarından sonra Maslovun vəkili Olqa Dinze jurnalistlərə deyib ki, alimin sağlıq durumu "sabit olaraq pisdir", mənəvi baxımdan da sarsılmış vəziyyətdir.

Rusiya Elmlər Akademiyasının Sibir filialının Nəzəri və Tətbiqi Mexanika İnstitutunun aparıcı elmi işçisi A.Maslov 2022-ci ildən təcridxanada saxlanılır. Hökm çıxarılmazdan 3 ay öncə onun ürəyi tutub.

Mayda ona 14 il həbs cızası kəsilib, amma prokurorluq 17 il cəza istəmişdi. Onda da məhkəmə qapalı keçirilmişdi. academ.info-nun yazdığına görə, alim Çinə hipersəslə bağlı məlumat ötürməkdə ittiham olunub.

2018-ci ildən bəri Rusiyada hipersəs sahəsində tədqiqatlarla bağlı azı 12 alim dövlətə xəyanət işi çərçivəsində həbs olunub. Onlardan bəziləri artıq vəfat edib.

Hüquq müdafiəçiləri "hipersəs" mövzusu ilə əlaqədar bütün cinayət işlərini qurama sayırlar. Onlar həmin işləri prezident Vladimir Putinin şəxsi maraqları ilə izah edirlər. Putin bir neçə dəfə bəyan edib ki, yalnız Rusiyada səsdən iti silahlar var.