Rusiya ordusu bazar günü gecə saatlarında yenidən Odessaya hücum edib.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
Onun dediyinə görə, şəhərə çoxsaylı raket zərbələri endirilib. 1 nəfərin həlak olduğu, 20-yə yaxın insan yaralandığı bildirilir. Ukrayna hərbçilərinin məlumatına görə, şəhərə 19 raket atılıb, onların bəziləri hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.
Məlumatda ilk partlayışların gecə saat bir radələrində olduğu, dərhal gizlənmək və sosial şəbəkələrdə fotolar yaymamaqla bağlı sakinlərə çağırış edildiyi bildirilir. O da qeyd olunur ki, raket zərbəsi nəticəsində şəhərin mərkəzindəki Transfiqurasiya kafedralına ciddi ziyan dəyib.
Odessadakı Transfiqurasiya Katedrali ən böyük pravoslav kilsəsidir. Təməli 1794-cü ildə, şəhər qurulduqdan dərhal sonra qoyulub. Kilsə bir dəfə, 1936-cı ildə bolşeviklər tərəfindən partladılıb. Toplanan ianələr hesabına 1999-cu ildə bərpa olunub və 2010-cu ildə Odessa yeparxiyasına verilib.
Katedralda Novorossiysk və Bessarabsk general-qubernatoru knyaz Mixail Vorontsovun məzarı yerləşir.
Rusiya Odessa və onun ətrafına hücumları iyulun 17-dən sonra gücləndirib. Beləki həmin tarixdə Rusiya Qara dəniz limanlarından Ukrayna taxılının ixracı üçün təhlükəsiz dəhliz təmin edən qondarma taxıl sazişindən çıxdığını elan edib.
Ukrayna mətbuatının məlumatına görə, təkcə Çornomorsk limanında yola salınmağa hazır olan 60 min tona yaxın taxıl məhv edilib.
Kreml bu hücumları iyulun 17-nə keçən gecə Krım körpüsünə edilən hücumla əlaqələndirir. Sosial şəbəkələr Rusiyanın raket zərbələrindən sonra əhalinin küçələrə çıxıb dağıntıları təmizləməyə başladığını bildirir və bununla bağlı videolar paylaşılır.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Müharibə 500 gündən çoxdur ki, davam edir.