Rusiya prezidenti Vladimir Putin "Rusiya ənənəvi mənəvi-əxlaqi dəyərləri paylaşan şəxslərə humanitar dəstəyin göstərilməsi haqqında" fərman imzalayıb. Bu fərman əcnəbilərə Rusiyada müvəqqəti yaşam icazəsi almaq imkanı yaradır. Bir şərtlə ki, onlar öz ölkələrinin "destruktiv neoliberal" ideologiyasını qəbul etməsinlər.
Sənəd hüquqi informasiya portalında dərc olunub. Rusiyaya sadələşdirilmiş qaydada köçünə icazə verilən ölkələrin siyahısını hökumət təsdiqləyəcək. Siyahıya "Rusiya ənənəvi mənəvi-əxlaqi dəyərlərinə zidd, destruktiv neoliberal quruluşlara qarşı siyasət yürüdən" ölkələr salınacaq.
Bu motivlə Rusiyaya köçmək istəyən əcnəbilərə Rusiya diplomatik və konsulluq təmsilçilikləri üç aylıq birdəfəlik viza verməlidir. Onlar həmçinin viza ilə Rusiyaya gedə bilərlər. Rusiyada müvəqqəti yaşam izni almaq üçün rus dili, Rusiya tarixi, Rusiya qanunvericiliyinin əsaslarından imtahan vermək lazım gəlməyəcək.
Putinin ənənəvi dəyərləri
Əcnəbilər ənənəvi dəyərlərə sadiqliyi, liberal siyasətlə razılaşmadıqlarını necə sübuta yetirəcəklər, Putinin fərmanında bu dəqiqləşdirilmir.
Putinin 2022-ci ildə imzaladığı "ənənəvi Rusiya mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi üzrə dövlət siyasətinin əsasları haqqında" fərmanda bu dəyərlər sırasında "vətənpərvərlik, vətəndaşlıq, vətənə xidmət və onun taleyinə görə məsuliyyət, yüksək əxlaqi ideallar, möhkəm ailə, yaradıcı əmək, ruhun materiyada öncəliyi, humanistlik, rəhm, ədalət, kollektivçilik" sadalanırdı.
Rusiyada "ənənəvi" dəyərlərin möhkəmləndirilməsi siyasəti çərçivəsində "LGBT beynəlxalq ictimai hərəkatı" "ekstremist təşkilat" elan edilib. "LGBT-ekstremizm" üzrə ilk cinayət işi "Pose" gey-barının art-direktoru və inzibatçısına qarşı açılıb.