Rusiyanın ən çox sevilən rok musiqiçilərindən olan Zemfira ölkəsinin qonşu Ukraynaya hərbi hücumu fonunda müharibə əleyhinə klip buraxıb.
Musiqiçi ötən cümə YouTube-da bütün videolarını silərək onları yeni klipi ilə əvəz edib. Klip müğənninin 2017-ci ildə yazdığı "Ne strelyayte" (Atəş açmayın) mahnısına çəkilib. Bu, yeni kover mahnının "The Uchpochmak" versiyasıdır. "The Uchpochmak" Zemfiranın qardaşı uşaqları ilə birlikdə yaratdığı qrupun adıdır.
Videoda Rusiyanın Ukraynada apardığı müharibədən dəhşətli kadrlar, işğalçıların yaşayış binalarını atəşə tutmasının və Moskvada keçirilən müharibə əleyhinə etirazların, polisin etirazçıları götürüb aparmasının görüntüləri də var.
"The Moscow Times" qəzeti yazır ki, bu aksiyalarda 15 minədək adam saxlanılıb.
15 ilədək həbs
Rusiya fevralın 24-də Ukraynaya hücumdan sonra ölkə daxilində müharibə əleyhinə düşünənləri sıxışdırmağa və təqib etməyə başlayıb. Hökumət özünün "xüsusi hərbi əməliyyat" adlandırdığı hücumu "müharibə" və ya "müdaxilə" adlandırmağı qadağan edib. Bundan başqa, dövlətin öz mənbələrindən başqa hər hansı mənbənin müharibə ilə bağlı məlumat paylaşmasını yasaqlayan qanun qəbul edilib. İndi bu hərəkəti edən insanları 15 ilədək həbs cəzası gözləyir.
"Susmayın! Bu ovulub tökülən sükutda biz öləcəyik. Susmayın". Zemfira əslində hələ Rusiyanın Çeçenistanda apardığı müharibə zamanı yazdığı mahnısında bu sözləri oxuyur.
Zemfiranın YouTube səhifəsindəki yeganə digər video Ukraynanın məşhur "Okean Elzı" rok qrupunun "Vidpustı" mahnısının 2008-ci ildə çəkilmiş canlı videosudur.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Net voyne"
Müğənninin Instagram səhifəsində də hazırda "net voyne" (müharibəyə yox) sözlərindən başqa bir şey yoxdur.
Rusiyanın Ukraynaya hücumunun başladığı gün Moskvada konsert verən Zemfiranın o vaxtdan ölkəni tərk etdiyi deyilir.
"The Financial Times" qəzeti isə yazır ki, müharibə başlayandan artıq onlarla rusiyalı məşhur sosial mediada müharibə əleyhinə bəyanatlar paylaşıb. Onların arasında Kristina Orbakayte, Maksim Qalkin, İvan Urqant və Valeri Meladze də var.
Qəzet yazır ki, mədəniyyət industriyasının xeyli dərəcədə dövlət tərəfindən maliyyələşdirildiyi və ağır senzuraya məruz qaldığı mühitdə bu addımı atmaq risklidir.
Oxxxymiron: "Sizi əyləndirə bilmərəm"
Rusiyalı repçi Oxxxymiron artıq fevralın 25-i Ukraynaya hücuma etiraz əlaməti olaraq Moskva və Peterburqda altı konsertini təxirə saldığını elan edib.
"Mən bilirəm ki, Rusiyada əksər insanlar müharibəyə qarşıdır və əminəm ki, nə qədər çox insan müharibəyə əsl münasibətini ifadə etsə, biz bu dəhşəti o qədər tez dayandıra bilərik. …Rus raketlərinin Ukraynaya yağdığı, Kiyev sakinlərininsə zirzəmilərdə və metroda gizləndiyi, insanların öldüyü zamanda mən sizi əyləndirə bilmərəm", - Oxxxymiron öz Instagram hesabından paylaşdığı videoda deyib.
Xeyriyyə konsertləri
Repçi çox sayda rusiyalının yaşadığı İstanbulda "Rusiyalılar müharibəyə qarşı" adıyla silsilə xeyriyyə konsertləri keçirməyə başlayıb. İlk belə konsert martın 15-i baş tutub. Oxxxymiron toplanan vəsaitin 100 faizinin ukraynalı qaçqınlara xərclənəcəyini bildirib.
Rusiyanın apardığı işğalçı müharibəyə ilk gündən etiraz edən rusiyalı müğənnilər arasında Kasta, Şım, Vladi, Xamil, Zmey və Noize MC kimi adlar da var.
"Novaya qazeta"nın ötən il Nobel Sülh Mükafatına layiq görülən redaktoru Dmitri Muratov da baş verənlərdən utanc hissi keçirdiyini ifadə edib. Qəzet Putinin hücuma başlamasının ertəsi günü Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün həm rus, həm də Ukrayna dilində çap olunub.