Rusiyada vertolyot qəza edib, ekipaj həlak olub

Mi-28

Rusiyanın qərbi Kaluqa vilayətində hərbi Mi-28 vertolyotu qəza edib. Müdafiə Nazirliyi ekipaj üzvlərinin həlak olduğunu bildirir. Vertolyotda neçə nəfərin olduğu deyilməsə də, Mi-28 ekipajı adətən iki nəfərdən ibarət olur.

Nazirlik qəzanın ilkin səbəbi kimi texniki nasazlığı göstərib. Vertolyotun planlaşdırılmış uçuş həyata keçirdiyi qeyd olunur.

Region qubernatoru Vladislav Şapşa Telegram-da yazıb ki, hadisə yerində xilasedicilər işləyir.

Vertolyotun Kaluqa ilə Bryansk vilayətlərinin sərhədindəki Jizdrinsk rayonunda əhali yaşamayan, meşə ərazisinə düşdüyü, həmin yerdə dağıntıya səbəb olmadığı bildirilir.

Mi-28 zərbə vertolyotu zirehli texnikanın, hava hədəflərinin, düşmənin canlı qüvvəsinin axtarışı və məhvi üçün nəzərdə tutulub. O, həmçinin ərazilərdə keşik çəkmək və kəşfiyyat aparmaq xüsusiyyətinə də malikdir.

2023-cü il mayın 12-də Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda Mi-28 vertolyotu qəza etmiş, hər iki pilot həlak olmuşdu. Onda Rusiya Müdafiə Nazirliyi aviaqəzanın səbəbi kimi texniki nasazlığı göstərmişdi.