Rusiyada bir bazada odlu silah təlimində iki əsgər Moskvanın Ukraynada apardığı müharibəyə könüllü getmək istəyənlərə atəş açıb. Oktyabrın 15-də Belqorod şəhərində baş vermiş hadisədə atəş açan iki şəxs və 11 Rusiya əsgəri ölüb.
Atəş açanlardan biri 24 yaşlı Tacikistan vətəndaşı Ehson Aminzodədir. Qardaşı Firuz onun “terrorçu” deyil, son yeddi ayda Moskvada bir restoranda yemək paylayan “adi miqrant” olduğunu deyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
500-dən çox müraciətin üçdə biri...
Hadisə haqda çox şey bilinməsə də, səfərbərlik elanının Rusiyada işləyən milyonlarla ortaasiyalı miqranta təhlükəli təsiri haqda bəzi şeyləri anlamaq mümkündür.
İnsan haqları fəalları yanlışlıqla rus ordusuna çağırılan və ya orduya yazılmaq üçün təzyiqlə üzləşən minlərlə miqrantın olduğunu deyirlər.
“Tong Jahoni” insan haqları təşkilatının rəhbəri Valentina Çupik deyir ki, ona miqrantlardan gələn 500-dən artıq müraciətin 1/3-dən çoxu orduya səhvən çağırılma ilə bağlıdır. Bu arada
Rusiya rəsmiləri səfərbərliyin sona çatmaq üzrə olduğunu iddia edirlər.
Buna da bax: SnappFood-un İrandakı həbslərdə rolu varmıTəzyiq vasitələri
Bəzi müraciətlərdən bəlli olur ki, Moskvanın “Saxarovo” miqrasiya mərkəzində miqrantlardan içərisində hərbi xidmətə dair sənədlərin də olduğu 40 səhifəlik sənəd toplusunu imzalamağı tələb edirlər. Rusiya vətəndaşlığı, yaxud oturum icazəsi olmayan ortaasiyalılar arasında orduya çağırılanlar az deyil.
“Rusiya üçün artıq fərqi yoxdur. Miqrantların küçədə polis, yaxud milli qvardiya tərəfindən tutularaq, döyülərək, cinsiyyət orqanlarına elektrik şoku verilərək orduya yazılmağa məcbur edildiyi hallar var. Əlbəttə ki, onlar da yazılırlar”, – Çupik AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə layihəsi olan “Nastoyaşeye Vremya”ya deyib.
Çupikin sözlərinə görə, miqrantların müntəzəm üzləşdiyi problemlər müharibəyə görə daha da artıb. Bu problemlər arasında miqrantların əmlaklarının qəsbindən tutmuş bürokratik süründürməçiliyə qədər hər şey var.
Vətəndaşlıq almağın “sadələşdirilmiş” yolu
Səfərbərlik elanından bəri Orta Asiyadan neçə vətəndaş və ya ikili vətəndaşın Rusiya ordusuna yazdırıldığı dəqiq bəlli deyil.
Putinin səfərbərlik elanından bir gün öncə, sentyabrın 20-də Dövlət Duması xarici vətəndaşların bir illik hərbi xidmət əvəzində Rusiya vətəndaşlığı almasının “sadələşdirilmiş” yolu haqda dəyişiklikləri qəbul edib.
Səfərbərlik elanından dərhal sonra Orta Asiya ölkələrinin hökumətləri Rusiyada çalışan vətəndaşlarına xarici müharibələrdə döyüşməyə görə uzunmüddətli həbs cəzalarıyla bağlı xəbərdarlıq ediblər. Buna baxmayaraq, “Saxarovo” mərkəzində miqrantlara Rusiya ordusunda xidmət qarşılığında ayda 3 min dollardan artıq maaş təklifi haqda vərəqələr paylanıb.
Kremlə bağlı “Vaqner” muzdlu döyüşçü şirkəti də fürsəti əldən vermədən Rusiya dövlətinin daha rahat təzyiq edə biləcəyi qrupu – saxlanılan şəxsləri və məhbusları hədəfə alıb.
Saxlanan miqrantları orduya aparmağa çalışırlar
Səfərbərlik əməkdaşları tez-tez Stavropoldakı təcridxanaya gələrək Rusiya miqrasiya qanunlarını pozmaq bəhanəsi ilə saxlanılan ortaasiyalıları orduya yazmağa çalışır. Moskvada yerləşən “Barmaqlıqlar arxasındakı Rusiya” adlı QHT-nin eksperti Ruslan Vaxapov belə deyir.
"Bunlar vətənə qayıtmaq üçün bilet ala bilmiş adamlardır. Ancaq mərkəzə gələn əməkdaşlar onların getməsinə imkan vermir, miqrantları silahlı qüvvələrə qoşulmağın üstünlükləri haqda məlumatlandırırlar”, – Vaxapov söyləyir.
Onun sözlərinə görə, Orta Asiya ölkələrinin vətəndaşları Rusiya həbsxanalarında özlərinə qarşı daha pis davranışdan şikayətlənirlər.
Çupik deyir ki, miqrantlar “ayıldığı” üçün indi gələn şikayətlərin sayı sentyabrın sonlarına nisbətən dörd dəfə azalıb.
Çupikin təmsil etdiyi “Tong Jahoni” təşkilatı ikili vətəndaşlığı olan bir neçə yüz ortaasiyalıya səfərbərlik elanından dərhal sonra Rusiyadan qaçmağa kömək edib.