MN: Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərdə heç bir dəyişiklik baş verməyib

Azərbaycan əsgərlərinin Şuşa ətrafında dayandığı post, arxiv foto

Azərbaycan ordusunun Fərrux ərəzisindən çıxması barədə Rusiya Müdafiə nazirliyinin yaydığı məlumatdan bir qədər sonra Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib. Nazirliyin martın 27-də yaydığı məlumatda deyilir ki, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəskliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

"Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir".

Nazirlik həmçinin Rusiya tərəfinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumatın da həqiqətə uyğun olmadığını və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmadğını bildirir.

"Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir"

Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə xatırlafır ki, fevral ayında Azərbaycanla və Rusiya prezidentləri arasında Mütəfiqlik Bəyannaməsini yara salır.

"Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.”.

Nazirliyin açıqlamasında daha sonra bəyannamənin 18-ci bəndini də bir daha xatırladılır. Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin bu açıqlamaları Rusiya prezidenti tərəfindən imzalanmış bəyannaməyə hörmətsizlikdir.

"...18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir"

Müdafiə Nazirliyi bir daha Rusiya Müdafiə nazirliyinə xatırladır ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur.

"Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir" Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır.

***

Azərbaycan Fərruxdan öz bölmələrini çıxarıb-Rusiya Müdafiə Nazirliyi

"Danışıqların nəticələrinə əsasən, Azərbaycan tərəfi FURUX (Fərrux -AR.) yaşayış ərazisindən öz bölmələrinin çıxarılmasını həyata keçirib".

Martın 27-də Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirliyin məlumatında bir də atəşkəsin iki dəfə Azərbaycan silahlı qüvvələri tərəfindən pozulduğu vurğulanır. Həmçinin qeyd olunur ki, atışma nəticəsində hər iki tərəfdən iki nəfər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin hələkə bu açıqlamaya münasibəti bəlli deyil.

***

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlaması ilə bağlı təəssüfünü bildirir".

Azərbaycanın müdafiə naziriyi Rusiya müdafiə nazirliyinin martın 26-da yaydığı məlumata verdiyi reaksiyada belə deyilir.
Məlumatda martın 25-də iki ölkənin müdafiə nazirləri telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilib. Söhbət zamanı Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.

"Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib".

Buna da bax: Əliyev və Putin mətbuata bəyanat veriblər (Video)

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb.

"Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır".

Nazirliyin açıqlamasında bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir.
Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur".

Nazirlik bildirir ki, "yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir"-deyə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Buna da bax: 43 bəndlik Bəyannamədə nə var, nə yox

***

Rusiya müdafiə nazirliyinin məlumatından sonra Rusiyanın xarici işlər nazirliyi də tərəfləri təmkinli olmağa çağırıb.

"Biz tərəfləri təmkin nümayiş etdirməyə və mövcud üçtərəfli sazişlərə ən yüksək səviyyədə ciddi əməl olunmasını təmin etməyə çağırırıq"

****

"Martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub. Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurub. “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Furux (Fərux-A.) yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib".

Belə bir məlumat martın 26-da Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında dərc etdiyi bülletenində yer alıb.

Məlumatda deyilir ki, "hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib".

Buna da bax: Müdafiə Nazirliyi: Azərbaycan ordusuna qarşı təxribata cəhd göstərilib...

Xatırlatma

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağdan yenidən atəş səsləri: erməni tərəfi itkilər olduğunu deyir