Rusiya ordusunda hərbçilərin sayı 1.5 milyona çatdırılacaq

Rusiyanın müdafiə naziri Sergey Şoyqu

Qarşıdan gələn üç il ərzində Rusiya ordusundakı hərbçilərin sayı 1.5 milyon nəfərə çatdırılacaq.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu yanvarın 17-də müavinləri və qoşun növləri komandanları ilə keçirdiyi müşavirədə deyib.

Müşavirə Rusiya Silahlı Qüvvələrində islahatlar mövzusuna həsr olunmuşdu.

Son məlumatlara görə Rusiya ordusunda hazırda milyona yaxın hərbi qulluqçu xidmət edir. Daha 2 milyon hərbçi ehtiyatdadır.

Buna da bax: Soledarda döyüşlər davam edir. Britaniya Kiyevə tanklar göndərir

Rusiya Müdafiə Nazirliyi nəzərdə tutulan islahatlara uyğun olaraq Kareliyada ordu korpusu, habelə Moskva və Leninqrad vilayətlərində iki strateji ərazi birləşməsi yaradacaq.

Bundan başqa quru qoşunlarının tərkibində üç motoatıcı və hava desantı qoşunlarının tərkibində iki hərbi hava hücumu desant diviziyaları yaradılmalıdır.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə ordunun təşkilində müqaviləli xidmətə əsas diqqət yetiriləcək.

Rusiya ordusundakı hərbçilərin sayının 1.5 milyon nəfərə çatdırılması barədə planlardan Şoyqu ilk dəfə ötən ilin dekabrında prezident Vladimir Putinin iştirakilə keçirilən genişləndirilmiş hərbi kollegiayada söz açmışdı.

O vaxt nazir demişdi ki, ordu sıralarında müqaviləli qulluqçuların sayı 700 min nəfərə çatdırılacaq.

Buna da bax: Rusiya İrana 'Su-35' qırıcıları verməyi planlaşdırır

Heç vaxt qurtarmayan “qismən” səfərbərlik

Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, Rusiya Silahlı Qüvvələrinin genişləndirilməsinə dair bəyanatlar Ukraynada müharibənin davam etdiyi və Ukrayna qoşunlarının uğurlu əks-hücum əməliyyatları keçirdiyi vaxta təsadüf edir.

Bundan başqa Putin ötən ilin sentyabrında qismən səfərbərlik elan etmişdi. Rəsmi məlumatlara görə bu səfərbərlik üzrə ordu sıralarına ehtiyatda olan 300 min rusiyalı cəlb edilib.

Ötən oktyabrın sonlarında Şoyqu sözü gedən səfərbərlik üzrə çağırışın başa çatdığını bildirsə də, Putin bu barədə heç bir fərman imzalamamışdı.

Jurnalistlərin təxminlərinə görə ola bilsin, hərbi xidmətə 300 mindən çox rusiyalı cəlb edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Britaniya Ukraynaya son model tanklar göndərir

İtkilər

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə hərbi müdaxilənin əvvəlindən bəri həlak olan Rusiya hərbçilərinin sayı 117 min nəfəri keçib.

BBC Rus xidmətinin və Mediazona portalının jurnalistləri 2023-cü ilin əvvəllərinədək həlak olmuş Rusiya hərbçilərindən 10 min nəfərinin kimliyini dəqiqləşdirə biliblər.

ABŞ Qərargah Rəisləri Komitəsi 2022-ci ilin noyabrında bildirirdi ki, münaqişə tərəflərindən hər biri ölü və yaralı olaraq 100 minədək hərbçi itirib.

Ukrayna Müdafiə Nazirliyi öz itkiləri barədə məlumatları açıqlamır.

2022-ci ilin dekabrında Ukrayna prezidenti administrasiyasının müşaviri Mixail Podolyak hərbiyyənin rəqəmlərinə istinadən müharibədə 10-13 min Ukrayna hərbçisinin həlak olduğunu demişdi.

AzadlıqRadiosu xatırladır ki, adətən fəal hərbi əməliyyatlar zamanı tərəflər biri digərinin itkilərini şişirtməyə meylli olur. Belə məlumatları müstəqil şəkildə dəqiqləşdirmək mümkün deyil.