Şənbə günü səhər Rusiya Qara Dəniz Donanmasının ilhaq edilmiş Krımda yerləşən Sevastopol qərargahı pilotsuz uçan aparatla vurulub. Bu barədə Sevastopolun “qubernatoru” Mixail Razvojayev məlumat verib. O, ölən və ya xəsarət alanların olmadığını deyib.
Zərbədən sonra qərargaha gəldiyini bildirən Razvojayevin sözlərinə görə, pilotsuz təyyarə aşağı hündürlükdə uçsa da onu vurmayıblar, "baxmayaraq ki, onlar buxtada atıcı silahlarla işləyirmişlər".
Razvojaev Sevastopol sakinlərini yaxın bir saat ərzində evdə qalmağa çağırıb. İlk mesajdan yarım saat sonra Razvojaev aydınlaşdırıb ki, pilotsuz aparat “donanma qərargahının düz üstündə” vurulub, bundan sonra o, damın üstünə düşüb və alovlanıb. Qara dəniz donanmasının qərargahı üzərində tüstünün fotoları və uçan dronun videosu sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanıb.
Son günlər Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımdakı hərbi obyektlərə bir neçə hücum olub. Ötən gecə Sevastopol və Yevpatoriyada hava hücumundan müdafiə sistemi işə düşüb. 31 iyul 2022-ci il Hərbi Dəniz Günündə Qara Dəniz Donanmasının qərargahı da pilotsuz aparatın hücumuna məruz qalıb. Nəticədə 6 nəfərin xəsarət aldığı barədə məlumat yayılb və bütün bayram tədbirləri ləğv edilib.
Mənbə: Sakidəki partlayış Qara Dəniz döyüş aviasiyasının yarısından çoxunu məhv edib
Novofedorovka kəndi yaxınlığındakı Krımın Saki hərbi aerodromunda baş verən partlayışlar Rusiyanın Qara dəniz donanmasının bütün aviasiyasının yarıdan çoxunu məhv edə və ya sıradan çıxara bilər.
Bu barədə Reuters agentliyinə Avropa rəsmi dairələrindəki mənbə məlumat verib. O, həmçinin hesab edir ki, belə bir itkidən sonra Rusiya qoşunlarının ilhaq edilmiş Krımdan Ukraynanın Qara dəniz sahilindəki Odessa kimi şəhərlərini təhdid etməsi xeyli çətinləşəcək.
Adının açıqlanmasını istəməyən mənbə həmçinin hesab edir ki, Ukrayna arxa mövqelərdəki Rusiya ordusunun hərbi infrastrukturuna zərbələr endirməklə “kumulyativ effekt” əldə edir.
Bu, nəinki rus qoşunlarının maddi təminatını zəiflədə bilər, həm də Rusiya hakimiyyətinə psixoloji təsir göstərə bilər.
Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi Novofedorovka kəndi yaxınlığında baş verən partlayışda Rusiyanın ən azı beşi Su-24 bombardmançı təyyarə olmaqla 8 təyyarə itirdiyini açıqlayıb.
Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda yaratdıqları Saki aviabazasında 2022-ci il avqustun 9-u səhər saatlarında silsilə partlayışlar baş verib. Bir nəfərin öldüyü barədə məlumat yayılıb.
Ukrayna hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Rusiya Müdafiə Nazirliyi isə açıqlamasında aviabazaya heç bir kənar müdaxilə əlaməti tapmadığını bildirib.
Mümkün səbəb kimi sursatın partlamasına səbəb təhlükəsizlik qaydalarının pozulması göstərilib.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Buna da bax: ABŞ-dan Ukraynaya 775 milyon dollarlıq yeni hərbi yardım paketi