Rusiya müdafiə naziri Sergey Şoyqu dekabrın 19-da ilin nəticələrinə həsr olunmuş kollegial iclasda bildirib ki, onların sülhməramlıları "Qarabağda sülhün əsas təminatçısıdır".
Hələ iki ay öncə Qarabağdakı separatçıların lideri tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın buraxılacağını elan edib. Azərbaycan rəsmiləri bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb. Üstəlik, regiona səfər etmiş BMT missiyasının hesabatına görə, Qarabağda 50-1000 arası erməniəsilli şəxs qalıb, onların çoxu Ermənistana köç edib. Hazırda Ermənistan rəsmiləri də Qarabağla bağlı Azərbaycana ərazi iddialarının olmadığını bildirirlər.
Belə olan halda Rusiya sülhməramlılarının Qarabağda sülhün təminatçısı olduğu ilə bağlı sözlər birmənalı qarşılanmır. Bu açıqlamaya, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
"Onların ərazimizi tərk etmək vaxtı çoxdan çatıb"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, Rusiyaya məxsus həmin hərbi kontingent nə Azərbaycan-Ermənistan sərhədində dayanıb ki, iki tərəf arasında sülhü təmin etsin, nə də Qarabağda artıq kimisə kimdənsə qorumağa ehtiyac var: "Onların artıq ərazimizi tərk etmək vaxtı çoxdan çatıb. Amma indi deyirlər ki, 10 noyabr 2020-ci ildə siz sənəd imzalamısınız və orada yazılıb ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti 2025-ci ilə qədərdir".
Deputat qeyd edib ki, ictimaiyyətə məlum olmayan dövlətlərarası danışıqlar, razılaşmalar olur və bu, təbiidir: "Ancaq onlar ərazimizə gələndən sonra sülhü təmin etmək əvəzinə tamamilə başqa işlərlə məşğul olublar. Bu gün də vətəndaşlarımız mina təhlükəsi ilə üz-üzədirlər. Nə qədər insanlarımız müharibədən sonrakı dövrdə minalara düşüb həyatlarını itiriblər, əlil olublar. Bu minalar aşkarlananda görürük ki, əksəriyyətinin istehsal yeri Ermənistan və istehsal tarixi 2021-ci il yazılıb. Müharibə 2020-ci ilin noyabrında başa çatmışdı, deməli, separatçılar həmin minaları Rusiya sülhməramlılarının köməyi ilə Azərbaycan ərazisinə gətirib-çıxarıb".
Oxşar ittihamlar bundan əvvəl də Azərbaycanda səslənib. Amma Rusiya sülhməramlılarının komandanlığı və Ermənistan rəsmiləri belə ittihamları qəbul etməyiblər.
E.Məmmədovun sözlərinə görə, sülhməramlılar onların səlahiyyətlərinə aid olmayan digər fəaliyyətlərlə də məşğul idi: "Ərazilərimizi könüllü tərk edib gedən ermənilərin Laçın sərhəd-buraxılış postunda sənədləri yoxlanarkən minlərlə ermənilərin cibindən Rusiya pasportu çıxdı. O pasportların verilmə tarixi də həmin dövrlərə düşür".
"Rusiya rəhbərliyi Qarabağ məsələsinin qapandığını düşünmür"
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan və Rusiya rəhbərliyi arasında hansı anlaşmaların olduğu məlum deyil: "Bizim bilmədiyimiz məqamlar ola bilər. Yəni, sülhməramlılar adı altında yerləşdirilən bu kontingent nə qədər qalacaq, sonra onun statusu dəyişəcək və hərbi baza statusu alacaqmı? Şübhələr var ki, bununla bağlı müəyyən razılaşmalar olub".
Ekspertin xatırlamasına görə, Rusiya prezidenti Vladimir Putin və həmin ölkənin xarici işlər naziri Sergey Lavrov əvvəllər deyib ki, Azərbaycanla Ermənistan tələm-tələsik sülh sazişi imzalamamalıdır: "Demişdilər ki, sazişi tələm-tələsik imzalasalar, diqqətdən qaçan hansısa məqamlar ola bilər ki, həmin məqamlar irəlidə iki dövlət arasında problemlərə səbəb ola bilər. Məsələ gələcəkdə həll edilməlidir və o vaxta qədər Rusiya kontingenti Qarabağda qalmalıdır".
A.Qasımlının fikrincə, Rusiya rəhbərliyi Qarabağ məsələsinin qapandığını düşünmür: "Onlar hesab edir ki, erməni əhalisi ora qayıda bilər və bundan sonra çalışacaqlar ki, bu prosesi həyata keçirsinlər. Bu məqsədlə bağlı qarşılarında duran əsas baryer isə məhz Paşinyandır. Onlar Paşinyan hakimiyyətini devirmək istəyirlər ki, onun yerinə öz adamlarını otuzdursunlar, proseslər əvvəlki məcrasına qayıtsın və ermənilərin bir qismi Qarabağa köçsün. Uzun sözün qısası, Rusiya Qarabağdan getmək istəmir".
Bu açıqlamalara Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma bu ölkənin rəsmiləri tez-tez bəyan edirlər ki, onlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.