Şimali Koreya xarici işlər naziri Soy Son Hi bildirib ki, ölkəsi Ukraynadakı "qələbəsinədək" Rusiyanı dəstəkləyəcək.
Rusiyalı həmkarı Sergey Lavrovla noyabrın 1-də keçirdiyi görüşdə koreyalı nazir iki ordu və xüsusi xidmət orqanları arasında çox sıx əlaqələrin olduğunu, müdafiə sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirildiyini söyləyib.
Kreml öz ərazisində Şimali Koreya qoşunlarının yerləşdirilməsini nə danıb, nə də təsdiqləyib.
NATO baş katibi Mark Rutte deyib ki, şimali koreyalıların birbaşa döyüşlərə qatılması qlobal güvənliyə təhdiddir və beynəlxalq hüququn pozulduğunu, Rusiya prezidenti Vladimir Putinin "artan çarəsizliyini" göstərir.
ABŞ dövlət katibi Antoni Blinken döyüşlərə qatılacaqları halda, Kursk vilayətində yerləşən 8 minədək şimali koreyalı hərbçinin legitim hərbi hədəf sayılacağını söyləyib.
ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın qitələrarası ballistik raket sınağını da pisləyib.
Soy isə Moskvada deyib ki, Koreya yarımadasındakı durum hər an "partlaya bilər" və bu üzdən Şimali Koreya özünün nüvə ehtiyatını gücləndirməli və gərəkəndə cavab zərbəsi endirməyə hazır olmalıdır.