Rusiyanın Novosibirsk vilayətində miqrant işçilərə taksi sürücüsü, içki və tütün satıcısı kimi işlər qadağan edilib.
Qubernator Andrey Travnikovun aprelin 15-də imzaladığı fərmana əsasən, bu sahələrdə fəaliyyət göstərən müəssisələr "işə götürülən xarici işçilərin sayını fərmanın tələblərinə uyğunlaşdırmalıdır".
Bunun təhlükəsizlik və Novosibirsk vilayətinin əhalisinin sağlamlığını təmin etmək məqsədi güddüyü vurğulanır.
Aprelin 16-da Kamçatka diyarının qubernatoru Vladimir Solodov da patent alan miqrantlara bütün regionda taksilərdə işləməyi qadağan edib. Diyar rəhbəri bu qərarını onunla izah edib ki, "bir çox hallarda ərazidə müxtəlif cinayətlər törədən qeyri-qanuni miqrantlar taksidə çalışırlar".
"İnanıram ki, görülən tədbir və ümumilikdə miqrasiya siyasətinin sərtləşdirilməsi taksi ilə sərnişindaşıma bazarını daha təhlükəsiz edəcək", - Solodov Telegram kanalında yazıb .
Ötən ilin oktyabrında Dövlət Dumasına xarici vətəndaşların məktəblərdə, əczaçılıq sektorunda, dövlət tibb müəssisələrində, taksi və yük daşımalarında işləməsini qadağan edən qanun layihəsi təqdim olunub.
Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Rusiyanın miqrantlara qarşı "passiv" mövqeyindən təəssüfləndiyini bildirmişdi. O, bəzi postsovet respublikalarından olan insanların kuryer, taksi sürücüsü və satıcı kimi işləməsinə qadağa qoyulmasını təklif edib.
Martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktından sonra Rusiyada miqrantlara qarşı ksenofobiya hissləri güclənib.
Rəsmi versiyada bu terroru Tacikistan vətəndaşlarının törətdiyi iddia edilir.
Ölkənin müxtəlif bölgələrində hüquq-mühafizə orqanlarının əməkdaşları xarici işçilərin yaşadıqları və işlədikləri yerlərdə reydlər keçirməyə başlayıblar. Bəzi hallarda miqrantlar hərbi komissarlıqda qeydiyyata alınıblar.