Moskva yük aviareyslərində partlayışlar hazırlamaqda şübhəli bilinir

Kuryer poçtu üçün əsas daşınma mərkəzi Almaniyada yerləşir.

Şimali Amerikaya uçmalı olan yük və ya sərnişin təyyarələrində yanğın törətməyə yönəlmiş əməliyyatın arxasında Rusiya dayanır.

"The Wall Street Journal" bu haqda xəbəri Qərbin təhlükəsizlik rəsmilərinə istinadla yayıb.

Qəzet noyabrın 5-də xəbər yayıb ki, iyulda Britaniyanın Birminhem və Almaniyanın Leypsiq şəhərlərində qlobal yükdaşıma şirkəti DHL-in deposunda alışan qurğular Rusiyanın planının sınaq mərhələsi olub.

Keçən ay Polşa polisi məlumat yaymışdı ki, ABŞ və Kanadaya göndərilməsi planlanan və depolarda alışan bağlamalarla əlaqədar təhqiqatın nəticəsi olaraq dörd nəfər saxlanıb.

Məlumata görə, qrupun məqsədi kamuflyaj olunmuş partlayıcıları və təhlükəli materialları sabotaj məqsədilə ilk öncə Avropa İttifaqı ölkələrinə və Böyük Britaniyaya göndərmək olub. Amma sınaqlardan sonra belə bağlamaların ABŞ və Kanadaya göndərilməsi planlanıbmış.

Polşa polisi bunun arxasında xarici kəşfiyyatın durduğunu desə də, Rusiyanın adını çəkməyib.

Litva prezidentinin milli təhlükəsizlik müşaviri Kyastutis Budris isə noyabrın 5-də "Reuters"ə deyib ki, bu, NATO ölkələrinə qarşı əməliyyat olub və bunu Rusiyanın hərbi kəşfiyyatı planlayıb.

Rusiya məsələyə hələ ki münasibət bildirməyib.

Bu xəbər ABŞ-də prezident seçkiləri keçirilən gün yayılsa da, "The Wall Street Journal" xəbəri seçkilərlə əlaqələndirməyib.

Rusiya bundan öncə Ukraynaya hərbi yardım edən Avropa ölkələrində təxribatlar törədib.