Rusiyada hərbi prokurorluq Ukrayna müharibəsində iştirak üçün səfərbər edilmiş bir qrup tuvalının döyülməsi barədə şikayət üzrə cinayət işi açmamaq qərarına gəlib.
Ukraynadakı Rusiya hərbi kontingentinin hərbi prokurorluğu fevralın 23-də bildirib ki, bu ayın əvvəllərində tuvalı səfərbərlər tərəfindən Telegram platformasında yayılmış videoda irəli sürülən şikayətin əsaslı olduğunu göstərən sübutlar yoxdur.
Həmin videoda bir qrup tuvalı əsgər bildirirdi ki, onları Ukraynanın Donetsk regionuna gətirərək separatçıların tabeçiliyinə veriblər. Tuvalılar separatçı hərbçilər tərəfindən döyüldüklərini bəyan edirdilər.
Bundan üç həftə əvvəl Sibirdəki Tuva Respublikasının başçısı Vladislav Xovalıq sözü gedən video ilə bağlı bildirmişdi ki, bu, “səfərbərliyi açıq-aşkar gözdən salan hadisədir”.
O bildirmişdi ki, məsələnin araşdırılması üçün öz nümayəndələrini Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Donetsk regionuna göndərəcək.
Buna da bax: Rusiya ordusunda tuvalıları niyə döyürlər?Şikayət nəticəsiz qalıb
Lakin daha sonra nə Xovalıqın ofisi, nə də Tuva Respublikasının rəsmiləri sözü gedən yoxlama missiyasının nəticələri barədə məlumat verməmişdilər.
Telegram-da yayılmış videoda tuvalılar deyirdilər ki, onlar sentyabr ayında səfərbərliyə alındıqdan sonra Novosibirsk regionunda çox yarıtmaz və natamam hərbi təlim keçiblər.
Tuvalılar bildirirdilər ki, onlara patrul keşiyində xidmət edəcəkləri deyilmişdi.
Tuva səfərbərlərinin sözlərinə görə onları dekabr ayında Donetsk regionuna göndəriblər.
Burada onları Rusiya hərbi birləşmələrinin heç birində rəsmi qeydiyyata almasalar da, onlardan bəzilərinə ön cəbhədə döyüşmək əmr edilib.
Son illərdə Rusiya ordusunda qulluq edən tuvalılar etnik zəmində incidildiklərini və alçaldıldıqlarını bildirirlər.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun atası tuvalıdır.
Buna da bax: İşğalın ildönümündə döyüşlər səngimirTuva və tuvalılar haqqında
Tuva Respublikası (keçmiş Tuva Xalq Respublikası) Rusiyanın Sibir regionlarından biridir.
Türkdilli tuvalıların respublikası 1921-1944-cü illərdə, hələ SSRİ-nin tərkibinə daxil olmadığı vaxtlarda beynəlxalq aləmdə qismən tanınmış dövlət idi.
Respublika ərazisinin 80 faizini dağlar təşkil edir. Yenisey çayı Tuvanın paytaxtı Kızıl şəhərindən başlanır.
Tuvalıların ənənəvi dini inancları – Tibet buddizmi və şamanizmlə bağlıdır.
Tuva Rusiyada ən pis sosial-iqtisadi göstəricilərə malik regionlardan biridir.
2021-ci ilin statistikasına görə Tuva Rusiyanın ən yoxsul regionu olub. Burada əhalinin 34 faizdən çoxu yoxsuldur.
Son vaxtlarda Tuvada milli-azadlıq əhval-ruhiyyəsinin artdığına dair xəbərlər var.
Ukrayna müharibəsində iştirak üçün ən böyük səfərbərliklərdən biri də Tuvada aparılır.
Ötən il Ukrayna məhkəməsi bir qrup tuvalı hərbçini hərbi cinayətlərə görə mühakimə edib.