Aprelin 12-də Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup üzvü Bakıda Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Aksiya iştirakçıları bildirib ki, onlar Rusiyanın Ukraynaya təcavüzünə və törədilən cinayətlərə etiraz edirlər: "Burada 20 Yanvar faciəsini törədənlər indi bunu Ukraynada edirlər". (1990-ci il yanvarın 19-da SSRİ Silahlı Qüvvələrinin Bakıda törətdiyi qırğın nəzərdə tutulur. Həmin vaxt 130 civarında dinc sakin qətlə yetirilmişdi)
Onlar Ukraynada müharibənin bitməsini, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq məhkəmə qarşısına çıxarılmasını istədiklərini bildiriblər. Habelə, deyiblər ki, Rusiya sülhməramlıları Qarabağ ərazisindən çıxarılmalıdır: "20 Yanvar faciəsini törədənlər heç vaxt sülhməramlı ola bilməz".
Polis əməkdaşları aksiyaya imkan verməyib, plakatlar iştirakçıların əlindən alınıb. Onlar səfirliyin yaxınlığından uzaqlaşdırılıb. Onlara bəyanatlarını da səfirliyə təqdim etməyə imkan verilməyib.
Baş verənlərə, hələlik, Rusiya səfirliyi və Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri, o cümlədən Xarici İşlər naziri S.Lavrov bundan əvvəl deyib ki, onların məqsədi Ukraynanı işğal etmək yox, onun neytrallığına nail olmaqdır.
Xatırlatma
Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan sanksiyalara qoşulmur.
48 gündür davam edən bu müharibə nəticəsində milyonlarla Ukrayna vətəndaşının qaçqın düşdüyü, dinc sakinlərin, uşaqların qətlə yetirildiyi açıqlanıb.
2020-ci ildə Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyi arasında razılaşmaya əsasən, Rusiya sülhməramlı qüvvələrinin Laçın koridoru və Dağlıq Qarabağdakı təmas xəttinə yerləşdirildiyi açıqlanıb.
Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Azərbaycan münaqişənin ilk illərində işğal edilən 20 faiz ərazisinin çox hissəsini 2020-ci ildə azad edib.