Rusiyanın Ukraynanın ikinci böyük şəhəri Xarkovda otelə raket zərbəsindən 11 nəfər xəsarət alıb. Onların içində oteldə qalan türkiyəli jurnalist var. Məlumatı regionun qubernatoru Oleq Sinequbov verib. O, yaralılardan birinin durumunun ağır olduğunu, hücum vaxtı oteldə azı 30 dinc sakinin olduğunu bildirib.
Xarkovun meri İqor Terexov oteldə hərbi personalın qalmadığını söyləyib.
Rusiya ərazisində dörd dronun vurulduğu bildirilir
Rusiyanın Müdafiə Nazirliyi Rostov, Tula və Kaluqa vilayətləri üzərində dörd Ukrayna PUA-sının tutularaq məhv edildiyini bildirir.
Kaluqanın qubernatoru Vladislav Şapşanın sözlərinə görə, dronlardan biri Kaluqada nasos stansiyasının texniki binası üzərində partlayıb. O, partlayış nəticəsində binaya ziyan dəydiyini, yanğın baş vermədiyini söyləyib. Xəsarət alan olmayıb.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib ki, ötən gecə havadan müdafiə qüvvələri Kamenski rayonu üzərində iki təyyarə tipli PUA vurublar. Xəsarət alan olmayıb.
Bir gün öncə Saratov vilayətinin Engels rayonu ərazisində bir PUA vurulduğu açıqlanıb. Orada yerləşən hərbi aerodromdan çıxan Tu-160 bombardmançıları Ukrayna ərazisinə zərbələr endirirlər.
"Astra" nəşri yazır ki, Engels-2 aerodromu üzərində bir deyil, iki dron olub, onlar vurularaq aviabaza ərazisinə düşüblər.