Ukraynanın aparıcı ordu komandiri avqustun 13-də bildirib ki, qüvvələri Rusiyanın Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarəti ələ alıblar, irəliləməyə davam edirlər.
General polkovnik Oleksandr Sırski videoəlaqə ilə prezident Volodimir Zelenskiyə deyib ki, Kiyev ordusu son 24 saat ərzində müxtəlif istiqamətlərdə 3 kilometrədək irəliləyib, 40 kvadrat kilometrlik yeni ərazi ələ keçirib.
Zelenski Telegram-da yazıb ki, cəbhədə, Kurskda əməliyyatdan xəbər tutmaq üçün Sırski ilə daimi təmasdadır. Onun sözlərinə görə, çətinliyə, intensiv döyüşlərə baxmayaraq, irəliləmə davam edir.
"Əsgərlərimizə qəhrəman xidmətlərinə görə minnətdaram", – o vurğulayıb.
Zelenski daha sonra videomüraciətində deyib ki, Kursk vilayətində yüzlərlə rusiyalı əsgər Ukrayna qüvvələrinə əsir düşüb, onların hamısı insani rəftarla təmin olunub.
Telegram-da başqa bir postunda Zelenski yazıb ki, Kiyevdə Litvanın müdafiə naziri Laurinas Kasçiunasla görüşüb, nazir ona deyib ki, Rusiya Baltikdəki Kalininqrad eksklavındakı qüvvələrini Kursk vilayətinə aparır.
Ukraynanın şərqində döyüşlər intensivləşir
Bəzi hərbi təhlilçilərin fikrincə, Ukraynanın bu müdaxilədə məqsədi Kremlin cəbhə xəttindəki qüvvələrini Kursk və digər sərhəd ərazilərin müdafiəsinə cəlb etmək ola bilər.
Amma Ukrayna baş qərargahının məlumatına görə, Kreml qüvvələri Ukraynanın şərqində hücumları intensivləşdiriblər. Rusiya əsgərlərinin ötən gün Ukraynanın Donetsk vilayətində cəbhə xəttinə yaxın Pokrovskda 52 hücum gerçəkləşdirdiyi xəbər verilir.
Ukrayna avqustun 6-da Kurska qəfil müdaxilə edib, min kvadrat kilometrə yaxın ərazini, xeyli sayda yaşayış məntəqəsini tutub.
Cəbhə xəbərlərini dəqiqləşdirmək mümkün olmasa da, bəzi xəbərlərdə Ukrayna qüvvələrinin daha dərinə müdaxilə etdiyi bildirilir.
Ukrayna XİN sözçüsü Georgi Tixi avqustun 13-də deyib ki, "Ukrayna Kursk vilayəti ərazisini ələ keçirməkdə maraqlı deyil". O, Rusiyanın son aylar Kurskdan azı 2 min hücum gerçəkləşdirdiyini bildirib.
"Bu əməliyyatın məqsədi uşaqların həyatını qorumaq, Ukrayna ərazisini Rusiyanın zərbələrindən mühafizə etməkdir. Ukraynanın hərəkətləri tamamilə legitimdir", – o vurğulayıb.
ABŞ-da çıxan "The Wall Street Journal" qəzeti avqustun 13-də adını çəkmədiyi ABŞ rəsmilərinə istinadla yazıb ki, Rusiya Ukraynadakı qüvvələrinin bir hissəsini Kursk vilayətinin müdafiəsinə cəlb edib.
Rəsmiləri nə qədər qüvvənin transfer olunduğunu, bu addımın Ukraynada döyüşlərə necə təsir edəcəyinin aydın olmadığını əlavə edib.
Rusiyanın "Vyorstka" nəşri isə avqustun 13-də Telegram-da yazıb ki, Kurskda döyüşlərdən çıxarılmış rusiyalı çağırışçılara könüllü kontrakt imzalayaraq cəbhəyə qayıtmaq üçün təzyiq artır.
Rusiyanın iddiası
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov isə avqustun 12-də prezident Vladimir Putinə 28 yaşayış məntəqəsinin düşmən nəzarəti altında olması barədə məruzə edib.
Rusiya general mayoru, "Axmat" xüsusi təyinatlı qüvvələrin komandiri Apti Alaudinov Rusiya dövlət televiziyasında deyib ki, "bu əməliyyatın hazırlanmasında NATO blokunun qərargahı iştirak edib".
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel avqustun 13-də jurnalistlərə deyib ki, Birləşmiş Ştatların Ukraynanın Rusiyaya müdaxiləsinin heç bir aspektində, planlaşdırma, yaxud hazırlanmasında rolu olmayıb.
Ağ evin sözçüsü Karin Jan-Pyer (Karine Jean-Pierre) isə bildirib ki, Birləşmiş Ştatların Ukraynanın hərbi müdaxilə planlaşdırmasından öncədən xəbəri olmayıb, bunda iştirak etməyib. Onun sözlərinə görə, ABŞ rəsmiləri Ukraynadan əməliyyatın məqsədlərinə dair izahat istəyib.