Rusiyanın Dövlət Statistika Xidməti xarici səbəblərdən ölənlərin sayını ümumi hesabatdan çıxarıb. Məlumatı "Meduza" demoqrafik məsələlər üzrə ekspert Aleksey Raşkaya istinadla yayıb.
Rusiya adətən xəstəlikdən ölənlərin sayını qətl və intihar kimi xarici faktorlardan ölənlərin statistikasından ayırıb. Bu zaman ekspertlər Ukraynanın işğalı zamanı öldürülən rusiyalıların sayını hesablaya bilərdilər. Kreml müharibədə ölənlərin statistikasını açıqlamır.
ABŞ-nin müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) ötən ay deyirdi ki, müharibənin getdiyi 29 ayda azı 350 min rusiyalı ya öldürülüb, ya da yaralanıb.
Media müharibədə ölənləri necə hesablayır
Xəbər agentlikləri başsağlığıları, miras sənədləri, sosial media postları əsasında azı 58 min rusiyalı hərbçinin ölümünü təsdiqləyiblər.
"Meduza", "Mediazona" və BBC-nin rus xidməti bu statistikanı hesablayanda xarici səbəblərdən ölü sayına da istinad edib. "Meduza" yazır ki, "2022-ci ildə qadın ölümlərinin sayı azalıb, kişi ölümləri artıb. Dinc dövrdə isə qadın və kişi ölüm trendləri fərqlənmirdi. Uyğun olaraq, irimiqyaslı müdaxilə başlayandan xarici səbəblərdən ölənlərin sayı Rusiya ordusunun təxmini itkisini hesablamaq imkanı yaradıb".
Digər tərəfdən, medianın miras işləri üzrə dövlət reyestrinin məlumatları əsasında araşdırmaları da müharibədə ölənlərin sayını hesablamağa imkan verir. Bu yanaşmadan baxanda Ukrayna ilə müharibədə 120 minə yaxın rusiyalı hərbçinin öldüyünü demək olar.
Üç media orqanının birgə araşdırması isə yalnız açıq mənbələr əsasında aparılır. Onlar bu il iyulun 5-dək Ukraynada 58 min 207 rusiyalı hərbçinin öldüyünü hesablayıblar.