Ukrayna Prezidenti Volodimir Zelenski bugünkü raket və dron zərbələrində dörd nəfərin həlak olduğunu, azı 92 nəfərin yaralandığını açıqlayıb. Ordu hücumun Rusiyanın bir neçə gün öncəki hücumuna oxşar olduğunu bildirib.
+++
Rusiya Ukraynanın Kiyev və Xarkov daxil olmaqla bir neçə şəhərini dron və raketlərlə hədəfə alıb, bir nəfər öldürülüb, onlarla insan yaralanıb.
Yanvarın 2-də səhər Kiyevdə partlayışlar baş verib, paytaxtın bir neçə yerində enerji təchizatı kəsilib. Mer Vitali Kliçko vurulan raketlərin yerə düşən qalıqlarının 10 nəfərin yaralanması ilə nəticələndiyini deyib.
Xarkov vilayətinin qubernatoru Oleq Siniehubov yanvarın 2-də deyib ki, 1.4 milyon əhalisi olan şəhər azı dörd zərbəyə məruz qalıb, mərkəzdə çoxmərtəbəli binalar, infrastruktura ziyan dəyib.
Xarkova zərbədən bir nəfər öldürülüb, 20 nəfər yaralanıb.
Əvvəlki hücumlar
Bir gün öncə Rusiya Ukrayna ərazisinə rekord sayda, 90 ədəd "Şahed" tipli dronlar buraxıb. Rusiya prezidenti Vladimir Putin deyib ki, ölkəsi Ukraynaya hücumları intensivləşdirəcək.
Putin bu xəbərdarlığı yanvarın 1-də edib. Ondan qabaq Rusiyanın sərhəd Belqorod şəhəri atəşə tutulub, 25 nəfərin həlak olduğu, 100-dən çox insanın yaralandığı bildirilir. Rusiya dekabrın 30-da gerçəkləşən bu hücuma görə Ukraynanı ittiham edib. Putin bunu "terror hücumu" adlandırıb, Ukraynanı mülki ərazilərə hücumda ittiham edib.
Zelenskinin hədəfi
Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiyanı "terrorçu ölkə" saydığını vurğulayıb. O, yanvarın 1-də "The Economist"ə müsahibəsində deyib ki, Putinin sülh istəməsinin heç bir əlaməti yoxdur. Zelenski qeyd edib ki, Ukraynanın əks-hücumlarının əsas fokusu ilhaq olunmuş Krımdakı Rusiya qüvvələrinin gücünü azaltmaq olacaq.