Yanvarın 25-nə keçən gecə Rusiya Ukraynanın cənubundakı Odessa, Nikolayev və Dnepropetrovsk vilayətlərinə dron və raket hücumu başladıb. Bir neçə nəfər yaralanıb, əraziyə maddi ziyan dəyib.
Ukraynanın havadan müdafiə qüvvələri dronların Odessaya iki dalğa hücuma keçdiyini bildirib. Rusiyanın atdığı 14 İran istehsalı drondan 11-i vurulub – 10-u Odessada, biri Nikolayevdə.
Region qubernatoru Oleq Kiperin sözlərinə görə, Odessaya dron qalıqlarının düşməsindən altı nəfər xəsarət alıb.
Kiper hücumda sənaye obyektinin, yaşayış binalarının, mülki infrastrukturun zədələndiyini bildirib. Yerli rəsmilər Rusiyanın hücumunda mebel fabrikinin anbarının da hədəfə alındığını deyirlər.
Dneprdə (Dnepropetrovsk) isə dron zərbəsindən sənaye müəssisəsi dağılıb, yanğın baş verib.
Xarkov raket atəşinə tutulur
Rusiya Ukraynanın ikinci böyük şəhəri Xarkova isə beş S-300 raketi ilə zərbə endirib. Zərbənin hər hansı ziyan, yaxud xəsarətə səbəb olub-olmadığı bəlli deyil.
Rusiya ilə sərhədin 30 km-də yerləşən Xarkov son vaxtlar intensiv raket zərbələrinə məruz qalır. Yanvarın 23-dəki hücumda azı 10 nəfər öldürülüb.
Bu arada Rusiya qoşunları şərqi Donetsk vilayətindəki Avdeyevka sənaye şəhərini mühasirəyə salmağa çalışır. Ukrayna ordusunun baş qərargahı yanvarın 25-də səhər bildirib ki, son 24 saat ərzində dörd belə cəhd dəf edilib.