Rusiyada "xarici agent"in hazırladığı materialları işarələmədən, "bilərəkdən, yaxud bilməyərəkdən" təbliğ edən, yaxud yayan üçüncü tərəf 500 min rubl (5 min 600 dollar) cərimələnə bilər. Bunu noyabrın 23-də ədliyyə nazirinin müavini Oleq Sviridenko deyib.
Onun rəsmi TASS agentliyinə dediyinə görə, ədliyyə naziri Konstantin Çuyçenko ayın sonunda uyğun əmri imzalayacaq, daha sonra hökumət fərmanı dərc olunacaq.
Nazir müavini deyib ki, cərimələr kitabxanalara, kitablara, universitetlərə, televiziyaya, eləcə də "xarici agent"lərə bilərəkdən, yaxud bilməyərəkdən kömək edən, yaxud dəstəkləyən sıravi şəxslərə şamil ediləcək.
"Xarici agent" qanunu
Mövcud qanunvericiliyə əsasən, "xarici agent"ə yardım etməyə görə hüquqi şəxslər 500 min, vətəndaşlar isə 50 min rubladək cərimə edilir. Ancaq "xarici agent"in materiallarının yayılmasının yardım sayılıb-sayılmadığı göstərilmir.
Buna da bax: 'Günlərim belə keçir', - AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva həbsxanadan yazırRusiyada 2012-ci ildən tətbiq olunan qanuna görə, hakimiyyət xaricdən maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarını "xarici agent" elan edə bilər.
Qanun media orqanları və fərdi jurnalistləri də "xarici agent" elan etməyə imkan verir. Buraya xaricdən maliyyə almayan, ancaq "xarici təsir altında olanlar" da daxildir. Bu kateqoriyaya salınanların materialları "xarici agent" tərəfindən hazırlanmasına dair qeydlə birlikdə yayılmalıdır.
Ədliyyə Nazirliyi AzadlıqRadiosunun azı 30 əməkdaşını "xarici agent" siyahısına salıb.
Qalkinin şousu efirə verilirsə...
Sviridenkonun dediyi addım isə bu tələbləri üçüncü tərəflərə də aid edəcək.
Nazir müavini misal da çəkib ki, telekanal Maksim Qalkinin iştirakı ilə şou yayınlayırsa, onun "xarici agent" olduğunu xüsusi qeydlə bildirməlidir. Müğənni Alla Puqaçovanın həyat yoldaşı Qalkin Rusiyanın Ukraynanı işğalına etiraz olaraq ölkədən gedəndən sonra "xarici agent" elan olunub.
Belə bir pozuntu baş verərsə, Ədliyyə Nazirliyi xəbərdarlıqlar göndərəcək. "Bir ay ərzində cavab gəlməsə, əvvəlcə 300-500 min rubl cərimə tətbiq olunacaq. Vəziyyət bundan sonra da irəli gedə bilər", – Sviridenko vurğulayıb.