Rusiyada YouTube videolarının sürətini azaldacaqlar

Youtube

Rusiyada Dövlət Dumasının üzvü Aleksandr Xinşteyn iyulun 25-də deyib ki, gələn həftənin sonunadək Rusiyada YouTube videolarının yüklənmə sürəti 70 faiz azaldılacaq. Deputat Telegram-da süni azaldılmanı "məcburi addım" adlandırıb, bu sosial platformanın "qanunu pozması və cəzasız qalması" ilə əlaqələndirib. Onun sözlərinə görə, bu tədbir yalnız videohostinqin desktop versiyasına aid olacaq, mobil versiyaya toxunmayacaq.

Xinşteyn YouTube-u anti-Rusiya hostinq siyasəti aparmaqda, mövqeyi Qərbin baxışından fərqlənən ictimai xadimlərin kanallarını silməkdə ittiham edib.

Dövlət Dumasının deputatı Rusiyada YouTube videopaylaşım platformasının sürətinin azaldılmasında Moskvanın iştirakını açıq şəkildə təsdiqləyən ilk rəsmi şəxsdir. Daha öncə problemlərin texniki xarakterli olduğu deyilirdi. Bu versiyanı Kremlin sözçüsü Dmitri Peskov da irəli sürmüşdü.

İyulun əvvəlində YouTube Rusiyanın bir sıra müğənni və aktyorlarının kanallarını Ukraynadakı müharibəyə verdikləri aktiv dəstəyə görə bloklayıb. Onların sırasında Şaman, Qriqori Leps, Polina Qaqarina, Oleq Qazamnov, Yuliya Çiçerina vardı. Bloklanma ABŞ və Aİ-nin 14-cü sanksiya paketi ilə bağlı atılan məhdudlaşdırıcı tədbirlər çərçivəsində tətbiq edilib.

Rusiya ərazisində YouTube-un işində problemlərlə bağlı ilk dəfə iyulun 11-də "Rostelekom" şirkəti məlumat yayıb.

"Meduza"nın telekommunikasiya sahəsində mənbəyi isə hakimiyyətin artıq videopaylaşım platformasının işini məhdudlaşdırmağa başlaması ehtimalını irəli sürmüşdü.

Qazeta.ru prezident administrasiyasına yaxın mənbəyə istinadla yazırdı ki, sentyabrda Rusiyada YouTube bloklanacaq, iyul-avqustda "müəyyən deqradasiya olacaq, ayrı-ayrı regionlarda YouTube-un işi pisləşəcək".

Rusiya 2022-ci il fevralın sonunda Ukraynaya qarşı genişmiqyaslı müdaxiləyə başlayandan sonra ölkədə bir sıra sosial şəbəkələrə və populyar saytlara çıxış məhdudlaşdırılıb. Ancaq YouTube hələlik bloklanmayıb, bir ehtimal bu videohostinqə Rusiyada adekvat alternativin olmamasıdır.