Moskva Ukraynanın işğalını davam etdirdiyi bir vaxtda bəzi sadə Rusiya vətəndaşları ağırlaşan iqtisadi şəraitdən və hərbi xidmətdən canlarını qurtarmaq üçün ölkədən gedirlər.
Vətəndaşlar arasında xarici viza və pasportlara tələbatın çoxalması səbəbindən, Rusiyada getdikcə daha çox özəl şirkət müştərilərinə Qırğızıstan vətəndaşlığının alınması xidmətini təklif edir.
Özlərini hüquq firması kimi qələmə verən şirkətlər Qırğızıstanı dost, rusdilli ölkə kimi tanıdırlar. Qırğızıstan vətəndaşlığının Qərb ölkələrində səyahətə, təhsilə və yaşamağa qapı aça biləcəyini reklam edirlər.
Keçmiş Sovet İttifaqının kasıb ölkəsi olan Qırğızıstan Ukraynadakı müharibəyə baxmayaraq, Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlayır.
Özəl Rusiya şirkətləri öz xidmətlərinə görə 1500-14 min dollar arasında məbləğ alırlar. Qiymətlər müştərilərin konsultasiya və ya sənədlərin hazırlanması, Qırğızıstana səfərin təşkili və orada pasport rəsmiləri ilə görüşlərin təyin edilməsini əhatələyən hərtərəfli xidmətdən istifadəyə görə dəyişir.
Qırğızıstan vətəndaşlığının alınması prosesi üç aydan 18 aya qədər çəkə bilər. Rusiya şirkətləri işin sürətləndirilməsi üçün əlavə ödəniş istəyirlər.
Qırğızıstanın rəsmi rəqəmləri göstərir ki, son bir ildə bu ölkənin pasportuna sahiblənən Rusiya vətəndaşlarının sayı dörd dəfə artıb. Bişkek hökuməti korrupsiyanın qarşısını almaq üçün hər bir vətəndaşlıq müraciətinin diqqətlə araşdırıldığını bildirir.
Buna da bax: Deputat: Rusiya saytında Qırğızıstan pasportları satılır12 min dollara vətəndaşlıq
Qırğızıstan vətəndaşlığı almaq üçün yardım təklif edən Rusiya şirkətlərindən birinin əməkdaşı AzadlıqRadiosunun qırğız xidmətinə, hər müraciət üçün orta hesabla 12 min dollar tələb etdiklərini bildirib.
Qırğızıstan Rusiya ilə ikili vətəndaşlığı rəsmən tanımır. Bununla belə, əməkdaş şirkətin qanundakı boşluqlardan yararlanaraq müştəriləri üçün Qırğızıstan vətəndaşlığı aldığını deyib.
“Keçmiş sovet ölkələrinin vətəndaşları, yəni 1991-ci ildə Sovet İttifaqının dağılmasından əvvəl doğulanlar sadələşdirilmiş prosedurlarla, qanuni yolla Qırğızıstan vətəndaşlığını ala bilirlər. Buna görə Rusiya vətəndaşlığını da itirmirlər. Xidmətimizə zəmanət veririk. Qırğızıstan Daxili İşlər Nazirliyində və pasport idarələrində əlaqələrimiz var”, – adının açıqlanmasını istəməyən əməkdaş bildirib.
İşçi, müştərilərin Qırğızıstanın paytaxtı Bişkekə şəxsən getməli olduğunu, orada şirkət nümayəndələrinin müşayiəti ilə pasport masasına və digər inzibati binalara qədər aparıldığını bildirib.
Buna da bax: ‘Amerika arzusu’nun ardınca Meksikaya yol alan ortaasiyalılarRusiyalılar üçün viza qaydaları sərtləşdirilib
Moskvanın 2022-ci ilin fevralında Ukraynaya qarşı təcavüzündən sonra, Qərb ölkələri Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirib, bu da rusiyalıların tətil, işləmək və təhsil üçün xaricə getməsini xeyli çətinləşdirib.
İşğaldan sonra Rusiya vətəndaşlarının ölkəni tərk etməsi, Qərbin Moskvaya sanksiyalarına qatılmayan Türkiyə kimi ölkələri də immiqrasiya qaydalarını sərtləşdirməyə sövq edib.
Dekabrdan bəri rusiyalı mühacir və turistlərin əsas məkanı olan Türkiyə, qısamüddətli yaşayış icazəsini çətinləşdirib. Bunu AzadlıqRadiosuna danışan bir neçə Rusiya vətəndaşı bildirib.
Türkiyədəki bəzi banklar, bu ölkədə yaşayan çoxsaylı rusiyalılar arasında populyar olan Rusiyanın “Mir” ödəniş sistemindən istifadəni dayandırıb.
Türkiyə Miqrasiya İdarəsinin məlumatına görə, keçən il təxminən 153 min Rusiya vətəndaşı Türkiyədə müvəqqəti yaşamaq icazəsi alıb.
Türkiyədə immiqrasiya qaydalarının sərtləşdirilməsi Qırğızıstan vətəndaşlığını daha cəlbedici edib.
Buna da bax: Tokayev Lukaşenkanın təklifini 'zarafat' adlandırdı4 dəfədən çox artım
“İndi Qırğızıstan qısa müddətdə vətəndaşlıq almaq üçün əlverişli ölkədir. Həmçinin rusdilli ölkədir və heç bir sanksiya altında deyil. Qırğızıstan pasportu ilə Avropaya, ABŞ-a və digər ölkələrə gedə bilərsiniz, halbuki Rusiya pasportu ilə xaricə getmək çox çətinləşib”, – Qırğızıstan pasportlarını təklif edən Rusiya şirkətinin əməkdaşı bildirib. Onun sözlərinə görə, tələbat artdığından şirkətin xidmət qiymətləri də yüksəlib.
Qırğızıstan Əhalinin Qeydiyyat İdarəsi 2022-ci ilin yanvar-sentyabr aylarında bu ölkənin pasportunu almaq üçün 1631 Rusiya vətəndaşının müraciət etdiyini açıqlayıb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artım deməkdir.
Məlumatlara görə, ötən il Qırğızıstan pasportu alanlar arasında Rusiya rəsmiləri, iş adamları və onların ailə üzvləri də olub. Həmin şəxslərin Qırğızıstan vətəndaşlığı almaq üçün hansı kanallardan istifadə etdikləri məlum deyil.
Əhalinin qeydiyyatı və vətəndaşlığın əldə edilməsi məsələlərinə nəzarət edən Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi, bu ayın əvvəlində hakimiyyət orqanlarının vətəndaşlıq üçün hər bir müraciəti "ətraflı" araşdırdığını bildirib.
Nazirlik insanları internetdə Qırğızıstan pasportu təklif edən “şübhəli” reklamlara etibar etməməyə çağırıb.