Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin 500 günü tamam olur. Ölkə baş prokurorluğunun məlumatına görə, bu müddət ərzində Ukraynada 494 uşaq həlak olub, 1051 uşaq müxtəlif dərəcəli yaralar alıb.
Qurumun məlumatında bu rəqəmlərin yekun olmadığı vurğulanır və xatırladılır ki, işğalda olan ərazilərdən məlumatların toplanılması davam edir.
Baş prokuror Andrey Kostinin dediyinə görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə müddətində 94 min hərbi çinayət qeydə alınıb, 11 minə yaxın mülki əhali həlak olub, 115 min mülki infrasktuktur obyekti dağıdılıb.
BMT-nin İnsan Haqları Monitorinq Missiyasının məlumatına görə, müharibə başlayandan iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 16 min nəfər yaralanıb.
Rusiyanın işğalı altında olan ərazilərdə məlumat toplamağının BMT missiyası üçün çətin olduğu bildirilir və bu səbəbdən də ölən və yaralanaların sayının daha çox olduğu ehtimal edilir.
Müharibə başlayandan bəri ölkə paytaxtında 7-si uşaq olmaqla 170-dən çox dinc sakin həlak olub. Bu barədə şəhər telekanalarına müsahibəsində Kiyevin meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, Rusiyanın şəhəri atəşə tutması və bombalaması nəticəsində 400-dən çox ev və bina dağılıb və ya zədələnib.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 8-də Rusiya ordusunun Liman şəhərini atəşə tutması nəticəsində 8 nəfər həlak olub, 13 nəfər yaralanıb. O da xəbər verilir ki, səhər saat 10 radələrində atəşə tutulan obyektlər mülki evlər və mağazalar olub.
Ukrayna mediasında müharibənin 500-cü günü ölkə prezidenti Volodimir Zelenskinin müharibənin ilk günlərində Rusiya ordusunun işğal etdiyi "İlan adası"na səfəri ilə bağlı video görüntülər yayılıb. Səfərin dəqiq tarixi göstərilmir. İyulun əvvəlində Zelenski Odessa vilayətinə səfər edib.
İyulun 8-də Maripuldakı “Azovstal” zavodunun müdafiəsinə 86 gün rəhbərlik edən “Azov” batalyonunun komandirləri Türkiyədən Ukraynaya qayıdıb. (Denis Prokopenko, Svyatoslav Palamar, Serhiy Volinski, Oleq Xomenko və Denis Şleqa)
Bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb. Məlumata görə, onlar Ukraynaya Zelenski ilə eyni təyyarədə dönüblər.
2022-ci ilin sentyabrında Rusiyadan əsirlikdən azad olunandan sonra "Azov" batalyonunun 5 komandiri şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın təminatı altında Türkiyədə yaşayırdı. Vətənə qayıdan "Azov"-çular yenidən cəbhə bölgəsinə dönəcəklərini deyiblər.
Şənbə günü Kreml Ankara və Kiyevi Azovstal müdafiə komandirlərinin geri qayıtması ilə bağlı razılaşmaları pozmaqda ittiham edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, heç kim ukraynalıların evlərinə qayıtması barədə Rusiyanı məlumatlandırmayıb.
ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW)növbəti hesabatına görə, Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibənin 500 günündə Rusiya qarşısına qoyduğu hərbi məqsədlərin heç birinə nail olmayıb.