Rusiyada general-polkovnik Rustəm Muradov Şərq Hərbi Dairəsinin komandanı vəzifəsindən çıxarılıb.
Bunu elə həmin dairədəki və Rusiya Silahlı Qüvvələri Baş Qərargahındakı mənbələrə əsasən The Moscow Times qəzeti yazır.
Bundan əvvəl onun vəzifəsindən azad olunması ehtimalı barədə Britaniya hərbi kəşfiyyatı , Rusiya teleqram kanalları məlumat vermişdilər.
Qəzetin mənbələrindən biri deyib ki, Muradovu ehtimalən onun qoşunlarının Ukraynanın Vuqledar şəhəri ətrafında böyük uğursuzluğuna görə vəzifəsindən azad ediblər.
Rusiya qoşunlarının bu şəhəri tutmaq cəhdləri dəfələrlə iflasa uğrayıb və rusiyalılar bu döyüşlərdə çox sayda hərbi texnika və canlı qüvvə itiriblər.
Muradov “Vostok” şərq qruplaşmasına 2022-ci il, oktyabrın 5-dən komandanlıq edirdi.
Bu qruplaşma müharibənin lap əvvəlində Kiyevin şimal-şərqində məğlubiyyətlə üzləşmişdi.
Həmin mənbə deyib:
"Muradovu ona görə işdən uzaqlaşdırıblar ki, o dəli idiotdur və əsgərlərə ölümə getmək əmrləri verə bilərdi”.
Beləliklə Rüstəm Muradov Rusiya hərbiyyəsində 2023-cü ildə vəzifəsindən xaric edilən ən yüksək rütbəli komandan olub.
Buna da bax: Putinin təhlükəsizlik xidmətinin zabiti onu ‘hərbi cani’ sayırBütöv elit briqadanı itirib
Britaniya kəşfiyyatı hesab edir ki, Muradovun işdən çıxarılması istefaların yalnız başlanğıcıdır.
Belə ki, Rusiya qoşunları Donbasda qarşılarına qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmir.
Muradovun hər hansı başqa vəzifəyə təyin edilib-edilməyəcəyi hələ ki, məlum deyil.
Rusiya qoşunları 2023-cü ilin əvvəllərindən Vuqledar uğrunda döyüşlərdə ilişib qalmışdı.
Niderlandın Oryx kəşfiyyat layihəsinin məlumatına görə Rusiya ordusu fevralın 8-dən 10-na qədər Vuqledar və Avdeyevka istiqamətlərində 36 tank da daxil 103 ədəd zirehli hərbi texnika itirib.
Politico portalı xəbər verirdi ki, Rusiya ordusu Vuqledar uğrunda döyüşlərdə özünün elit 155-ci dəniz piyadaları briqadasını itirib.
Əslən Dağıstandan olan milliyyətcə tabasaran Muradov 2020-ci ilin 11 noyabrından 2021-ci ilin 9 sentyabrına qədər Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olub.