Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun işi üzrə istintaq yekunlaşıb, Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu barədə AzadlıqRadiosuna iyulun 1-də Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
R.Əkbərov 2001-ci ildə xuliqanlıq niyyəti ilə qətl törətməkdə ittiham edilir.
"Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib", - məlumatda bildirilir.
Ondan və vəkilindən bu ittihama, hələlik, ayrılıqda münasibət almaq mümkün olmayıb.
Ehtiyatda olan general-leytenant R.Əkbərov bu il martın 16-da həbs olunub. İlkin istintaq dövrü üçün onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 56-yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilmişdi. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilmişdi.