15 ilə yaxın Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov iyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır.
Məhkəmədə məlum olub ki, sabiq deputata dövlət hesabına vəkil verilib. Cəbrayılov həmin vəkilin xidmətindən imtina edərək ailə üzvlərinin müqavilə bağladığı müdafiəçisi olduğunu deyib.
Vəkili jurnalistlərə etiraz edir
Həmin müdafiəçi isə məhkəmədə jurnalistlərin iştirakına etiraz edib. Vəkil hakimlərə müraciət edib ki, məhkəmə prosesində iştirak edən media nümayəndələri çıxarılsın. Prosesdə videoçəkilişə, audioyazıya icazə verilməsin.
Hakim Əhməd Quliyev video- və audioyazının qadağan olunduğunu desə də, məhkəmənin açıq keçirildiyini, hər kəsin, o cümlədən media nümayəndələrinin də bu prosesdə iştirak hüququnun olduğunu vurğulayıb.
Buna da bax: Keçmiş hakimdən nazir müavininə ittihamlarBu cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, sabiq deputat onlardan ümumilikdə 2 milyon 571 min manat pul alıb və qaytarmayıb.
Zərərçəkənlər arasında zaman-zaman adları mediada hallanan şəxslər də var. Onlardan biri də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan "Şərur-İnşaat" şirkətinin rəhbəri, Şərurlu İsfəndiyar kimi tanınan işadamı İsfəndiyar Axundovdur. O, istintaqa ifadəsində bildirib ki, keçmiş deputat ondan 200 min manat pul alıb. İşadamının sözlərinə görə, Cəbrayılov ona Milli Məclisin keçmiş sədri, hazırda isə sadəcə deputat olan Oqtay Əsədovla şərik bina tikintisi ilə məşğul olduqlarını deyib. Aldığı pulu da bir-iki aya qaytaracağına söz verib: "Demişdi ki, Oqtay Əsədovla tikdikləri ev Novxanı yolunun üstündədir. Mən də verdim. Sonra cəmi 40 minini qaytardı...".
Axundov qeyd edib ki, bu hadisə baş verəndə ölkədə hələ devalvasiya olmamışdı.
Əsədovun köməkçisi isə onun vaxtilə Cəbrayılovla birlikdə ev tikintisi ilə məşğul olması haqda iddiaları təkzib edib.
Buna da bax: Şərurlu İsfəndiyarla 'Zaminbank' arasında 10 milyonluq qalmaqalDeputat vəsiqəsi girov qoyulan zərərçəkmiş
Keçmiş deputatla bağlı cinayət işindəki zərərçəkənlərdən biri də lombard sahibi, "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanovadır. Adıçəkilən şirkət rəhbəri zaman-zaman keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovla mülk davası, jurnalistlərlə məhkəmə çəkişmələri ilə medianın gündəmində olub.
Qurbanova bildirib ki, pulu keçmiş deputata onun şəriki Mirəhməd Abbasov vasitəsilə verib.
Zərərçəkmişlərdən biri də Təranə Fətəliyevadır. Rəfael Cəbrayılov millət vəkili olduğu dövrdə 300 min dollar borca görə deputat vəsiqəsini məhz onun yanında girov qoymuşdu.
İyunun 16-da məhkəmədə 11 zərərçəkmişdən ikisinin nümayəndəsi iştirak edib.
Sabiq deputatın məhkəməsi iyunun 24-də davam edəcək.
Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.